20 Sentyabr 14:01
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda 1975-ci il təvəllüdlü Lətif qısqanclıq zəminində mübahisə zamanı tanışı Aydına (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il mayın 8-də saat 14:00-da Tovuz rayonu ərazisindəki Ceyrançöl qış otlaq sahəsində baş verib.

Aydın çoban yoldaşı Lətifin arvadı Aygünün mobil telefonuna kontur göndərib, daha sonra zəng edərək ondan xoşlandığını deyib. Bunu eşidən Lətif çomaqla Aydının başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.

İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmən heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Dolanmaq üçün ayrı-ayrı fermerlərin fermasında çobanlıq etmişəm. 2020-ci ildən Gədəbəy rayon sakini Hüseynin Çeyrançöl qış otlaq sahəsinin Tovuz rayonu hissəsindəki fermasında çoban işləmişəm. Hüseyn mənə ayda 250 manat pul verirdi.

Hüseynin yatağında məndən başqa üç çoban var. Yataqda həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qara olub. Aydın da mənim kimi çobandır”.

“Birlikdə yemək yemişik”

Təqsirləndirilən şəxs qeyd edib ki, Aydın Hüseynin fermasına 2022-ci ilin payızında gəlib: “Aydın subaydır. Mən isə arvadım Aygünlə gəlmişdim. Aygün fermada yüngül işlərdə mənə kömək edir, yemək bişirirdi. Aydınla münasibətimiz həmişə normal olub. Hətta Aydın tək olduğu üçün tez-tez onu olacağa çağırmışıq, birlikdə yemək yemişik”.

Lətifin sözlərinə görə, arvadı Aygünü Gədəbəy rayonunun kəndinə evlərinə göndərib: “Çünkü kənddə əkmiş olduğumuz kartofun dibini yığmaq lazım idi.

Aygün mayın 7-də yatağa qayıtdı. Fermaya gəldikdə mənə dedi ki, Aydın ona 10 manatlıq danışıq kartı yükləyib, ondan xoşlandığını və onunla yaxın münasibətdə olmaq istədiyini deyib. Bunları bildikdə həmin gün Aydına heç nə demədim”.

“Əxlaqsız təkliflər etdiyini boynuna almadı”

Lətif qeyd edib ki, növbəti gün köç yaylağa getdiyi üçün arvadı Aygünü yenidən Gədəbəy rayonunin kəndindəki evlərinə yola salıb: “Məın mal-qaranı, Aydın da qoyunları otlağa apardı. Mən qərara gəldim ki, Aydınla otlaqda görüşüb, məsələyə aydınlıq gətirim. Günortaya kimi Aydınla görüşə bilmədim.

Günorta saatlarında yatağa aid otlaq sahəsində qarşılaşdıq. Aydından nə üçün arvadım Aygünə zəng etdiyini, ona kontur göndərdiyini və əxlaqsız təklif etdiyini soruşdum. O, əxlaqsız təklif etdiyini boynuna almadı, amma 10 manatlıq kontur göndərdiyini etiraf etdi. Bu səbəbdən aramızda mübahisə yarandı, bir-birimizi söydük.

Bu zaman Aydın əlində olan çomaqla sol qoluma vurdu. Daha sonra üzümə kəllə atdı. Mən də əsəbləşərək əlimdəki çomaqla Aydının bədənin müxtəlif hissələrinə və başına zərbələr vurdum. Aydını çomaqla vurduqdan sonra yatağa geri qayıtdı. Mən isə mal-qaranın qarşısına getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün saat 14:00-da çomaqla Aydının bədənin müxtəlif hissələrinə vuraraq onu döyüb: “Həmin vaxt otlaq sahəsində tək olmuşam. Aramızda olan dava-dalaş təxminən 2-3 dəqiqə çəkdi. Dava-dalaş zamanı Aydın da məni vurdu.

Aydını vurduğum çomaq Hüseynin yatağındadır. Səhv etmişəm, hərəkətimdən peşman olmuşam”.

“Beş min manat vermişəm”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aydının sözlərinə görə, rəsmən heç yerdə işləmir, fərdi əməklə məşğuldur: “2022-ci ildən Gədəbəy rayon sakini Hüseynin Ceyrançöl qış otlaq sahəsindəki yatağında çobanlıq edirəm. Bunun üçün Hüseyn mənə ayda 300 manat verir.

Lətif və onun arvadı Aygün də Hüseynin yatağında çobanlıq edib. Onlarla münasibətim həmişə yaxşı olub, bir ailə kimi mehriban dolanmışıq. Lətifin arvadı Aygün mənə bacı əvəzidir. Fermada dəfələrlə mənə yemək-içmək verib. Mən hətta Hüseyndən 5 min manat pul alaraq Aygünə borca vermişəm”.

Zərərçəkmiş qeyd edib ki, Aygün 2023-cü ildə fermadan şəxsi işi ilə əlaqədar Gədəbəy rayonunun kəndindəki evlərinə gedib: “Gədəbəy rayonunda olarkən o məndən mobil nömrəsinə kontur göndərməyimi xahiş etdi, internet paketi götürərək oğlu ilə danışaçağını dedi. Mən də onun mobil nömrəsinə kontur göndərdim. Eyni zamanda bank kartı vasitəsi ilə onun mobil nömrəsinin balansına 18 manat pul köçürdüm. Ancaq Aygünə əxlqasız təklif etməmişəm.

Daha sonra Aygün rayondan Hüseynin yatağına gəldi. Həmin gün mənim Aygün ilə heç bir ünsiyyətim olmadı. Səhəri gün köç yaylağa getməli idi. Səhər saatlarında Aygün köçlə birlikdə yenidən Gədəbəy rayonuna yaylağa qayıtdı. Lətiflə mən Hüseynin yatağında qaldıq. Mal-qaranın bir hissəsi fermada olduğu üçün qoyunların bir qismini götürərək örüş sahəsinə apardım.

Günorta saat 14:00-da örüşdə olarkən Lətif yanıma gəldi. Mənə nə üçün arvadı Aygünün mobil nömrəsinə kontur göndərdiyimi dedi. Mən Aygünün öz istəyi ilə ona kontur göndərdiyimi bildirdim. Bu səbəbdən aramızda narazılıq yarandı.

Mühahisə zamanı Lətif əlində olan çomaqla bədənimin müxtəlif hissələrinə vurdu. Çomaq zərbəsindən biri başıma dəydi. Huşunu itirdiyim üçün olanları xatırlamıram”.

“Mənə yardım etdi”

Aydın bildirib ki, Lətif onu döydükdən bir müddət sonra Hüseyn onların yanına örüş sahəsinə gəlib: “

"Halımın pis olduğunu görən Hüseyn məni yatağa apardı. Lətif isə örüş sahəsində qaldı. Yatağa gəldikdən sonra özümü daha da pis hiss etdiyim üçün Hüseyn öz avtomobili ilə məni Tovuz rayonunun kəndinə gətirdi. Orada təcili yardımın 103 qaynar xəttinə zəng etdi.

Həkimlər məni Tovuz rayon Mərkəzi Xəstəxanasına apardı. Mən ayılanda artıq Tovuz Rayon Mərkəzi Xəstəxanasında olduğumu bildim. Həkimlər mənə yardım etdi”.

“Bir daha mənə zəng etmədi”

İş üzrə şahid qismində ifadə verən Aygünün sözlərinə görə, Lətiflə 25 ildir rəsmi evlidirlər, birgə nikahdan üç övladı var. Əri ilə birlikdə 2020-ci ildən Hüseyn adlı şəxsin fermasında çobanlıq edirlər: “Aydın da Hüseynin yatağında bizim kimi çobanlıq edib. Aramızda ədavət və ya düşmənçilik olmayıb.

2023-cü ildə Gədəbəy rayonunun kəndində yerləşən evimizə getdim. Orada mobil nömrəmə tanımadığım nömrədən 10 manatlıq kontur gəldi. Həmin mobil nömrəyə zəng etdim. Məlum oldu ki, mobil nömrəmə kontur yükləyən bizimlə birlikdə çobanlıq edən Aydındır. Nə üçün mobil nömrəmə kontur yüklədiyini soruşdum. Məndən xoşlandığını, mənimlə yaxın münasibət qurmaq istədiyini bildirdi. Mən də əsəbləşərək onu söydüm. Mobil nömrəmə göndərdiyi 10 manatlıq danışıq kartında olan konturu özünə geri göndərdim. Aydın bir daha mənə zəng etmədi”.

“Çomaqla xəsarət yetirib”

Aygün bildirib ki, mayın 7-də Gədəbəy rayonundan geri, Hüseynin yatağına gəlib: “Aydının hərəkəti barədə əvvəlcə Hüseynə məlumat verdim. Hüseyn Aydını tənbeh edəcəyini və yataqdan çıxardacağını dedi. Sonra isə olanları ərimə danışdım. Həmin gün Aydın yatağa gəlmədi. Bu səbəbdən Lətif onunla söhbət edə bilmədi.

Növbəti gün səhər saatlarında mal-qara yaylağa getdiyi üçün Hüseyn sürücü ilə məni Gədəbəy rayonuna yola saldı. Ərim Lətif və Aydın isə yataqda qaldı.

Mən yataqdan çıxdıqdan sonra Lətif Aydınla dava-dalaş edib. Lətif əlində olan çomaqla otlaq sahəsində Aydına xəsarət yetirib. Bu barədə Lətifin özündən eşitmişəm”.

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Lətif 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gədəbəy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər