23 Sentyabr 13:17
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Nadir Əliyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq edilib. Ona 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Alik Həsənov7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror hər iki təqsirləndirilən şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər