Bu gün Ali Məhkəmədə “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsindən sonra həbs olunan Hümbət Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından məhkum Hümbət Məmmədov kasasiya şikayəti verib. Digər məhkumlar Vüsal Qurbanov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilov kasasiya şikayəti verməyiblər.
Hakim bildirib ki, Hümbət Məmmədov məhkəməyə ərizə ünvanlayıb. Hakimin səsləndirdiyi ərizədən məlum olub ki, sübutların araşdırılması üçün geniş vaxta imkan lazımdır. Bu səbəbdən də o, kasasiya şikayətinin baxılmasına xitam verilməsini və işin geri qaytarılmasını istəyib.
Prokuror Rəsul Abbasov bildirib ki, kasasiya şikayətindən imtina etmək məhkumun hüquqdur. Bu səbəbdən prokuror kasasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etməyib. Zərərçəkmiş Əflatun Piriyevin hüquqi varisi Ərəstun Piriyev və onun vəkili Aslan İsmayılov da kasasiya şikayətinə baxılmadan xitam verilməsinə etirazlarını bildirməyiblər.
Yerində müşavirə keçirən hakim heyəti məhkumun öz xahişini nəzərə alaraq kasasiya şikayətinin baxılmasına xitam veriblər.
Qeyd edək ki, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib.
Hacı Zeynalov