14 Mart 2015 22:14
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəşəkkil dəstənin üzvləri uzun müddət Cəlilabadın bir kəndində narkotik axtarışı aparmalı olublar

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Sakit Qasımov, onun qardaşı Habil Qasımov, Natiq Ağayev, Camaləddin Quliyev və Nizami Məmmədovun cinayət işinə baxılıb. Adıçəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.

İstintaq müəyyən edib ki, mütəşəkkil dəstənin üzvləri İran ərazisində Səid, Mirvəli və Himayət adlı naməlum şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotiki və psixotrop maddəni Azərbaycana gətiriblər.

Sakit Qasımov 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış 1 ov bıçağı əldə edib. Həmin bıçaq 17 mart 2013-cü il tarixdə Sakit Qasımovun yaşadığı ünvana MTN əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı aşkar edilərək götürülüb.

Bundan başqa, Sakit Qasımov qardaşı Habil Qasımovla birlikdə istintaqa məlum olmayan mənbədən xalis çəkisi 67,91 qram heroini satış məqsədi ilə əldə edib. O, həmin narkotiki Cəlilabad şəhərinin Xətai küçəsindəki 4 nömrəli evdə saxlayıb.

Həmçinin qrup üzvləri İrandan Azərbaycana narkotik gətirmək üçün plan qurublar. Razılığa əsasən, Sakit Qasımovun tapşırığı ilə Habil Qasımov Nizami Məmmədovla birlikdə 17 fevral 2013-cü il tarixdə İrana gedərək orada Səid, Mirvəli və Himayət adlı şəxslərlə görüşüb. Nizami Məmmədov onların təqdim etdikləri heroin və tiryəki şəxsən istifadə edərək keyfiyyətini yoxlayıb.

Nazim Məmmədov təqdim edilmiş bir neçə cür narkotikdən bəyəndiyi heroini və tiryəki Habil Qasımova göstərib. Məhz onun bəyəndiyi heroin və tiryəki satış məqsədi ilə Azərbaycana keçirməsini məsləhət görüb. Onlar fevralın 27-də Azərbaycana qayıdıblar.

Habil Qasımov Nizami Məmmədova göstərdiyi köməyə görə 500 manat verib. Sonra Səid və Mirvəli adlı şəxslər Sakit Qasımovun və Habil Qasımovun sifarişləri əsasında məhz Nizami Məmmədovun bəyəndiyi narkotiki - 7.990 qram heroini və 966,95 qram tiryəki, eləcə də, əlavə olaraq 2,71 qram maye halında psixotrop maddə olan amfetamin məhlulunu martın 9-da Dövlət Sərhəd Xidmətinin 11-ci sərhəd zastavası ərazisindən gizli yolla Azərbaycana keçiriblər.

İranlılar narkotik vasitəni Cəlilabad rayonunun Yusublu kənd qəbiristanlığının yaxınlığında torpağa basdırıblar. Daha sonra İran vətəndaşları bu barədə Sakit Qasımovu məlumatlandırıblar.

Sakit Qasımovun göstərişi ilə narkotiki və psixotrop maddəni götürmək məqsədi ilə qrup üzvləri Camaləddin Quliyev və digər şəxslər martın 12-də saat 21 radələrində Səid və Mirvəlinin dediyi yerə gediblər. Lakin narkotiki gizlədildiyi yeri tapa bilmədikləri üçün geri qayıdıblar.

Daha sonra Sakit Qasımovun tapşırığı ilə qardaşı Habil Qasımov narkotikin yerini dəqiqləşdirmək məqsədi ilə 13 mart 2013-cü il tarixdə İrana gedərək Səid və Mirvəli ilə görüşüb. Səid və Mirvəli Habili sərhəd yaxınlığına gətirib, oradan narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yeri - Yusublu kəndinin yaxınlığını ona göstəriblər.

Ertəsi gün, saat 18 radələrində Camaləddin Quliyev digər şəxslərlə Yusublu kəndinin yaxınlığına gedib, axtarış aparıblar. Lakin yenə əliboş Cəlilabad şəhərinə qayıdıblar.

Bu dəfə Sakit Qasımov tanışı Natiq Ağayevlə Yusublu kəndi yaxınlığına gedərək qrupun digər üzvləri ilə birlikdə narkotikin gizlədildiyi yerlə tanış olublar, sonra yenidən Cəlilabad şəhərinə dönüblər. Sakit Qasımov Natiq Ağayevə əldə olunacaq narkotiki Cəlilabadda özünün yaşadığı evə gətirməyi təklif edib. Bunun müqabilində ona 3000-4000 dollar pul vəd edib. Natiq Ağayev narkotiki həmin ünvana öz avtomobili ilə gətirməyə razılıq verib.

Həmin gün axşamüstü Natiq Ağayev Sakit Qasımovla yenidən Yusublu kəndi yaxınlığına gedib. Orada Sakit Qasımov telefonla Səidlə əlaqə saxlayıb. Səidin verdiyi istiqamət əsasında narkotiki tapıblar.
Sakit Qasımov Natiq Ağayevin maşınında narkotiki Cəlilabad şəhərində olan evinə gətirib. Elə həmin gün, saat 18:15-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Sakit Qasımovun yaşadığı ünvanda narkotik aşkar olunaraq götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sakit Qasımov 14 il, Habil Qasımov 13 il, Natiq Ağayev 10 il 6 ay, Camaləddin Quliyev 7 il, Nizami Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edib və iş üzrə yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Nizami Məmmədovun cəzası 6 ay azaldılaraq 10 ilə endirilib.

Digər təqsirləndirilən şəxslərin cəzası dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər