Bu gün İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müavini Elçin Şirinovla birlikdə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər. Bu barədə Teleqraf.com-a Elçin Behbudovun özü məlumat verib.
Onun sözlərinə görə, MTN-nin istintaq təcridxanasında saxlanılan bir neçə təqsirləndirilən şəxsin müraciəti əsasında monitorinq keçirib. O, qeyd edib ki, Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşlərdə iştirak edən Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu ilə görüşüb: “Telman Bəkirov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub”.
Elçin Behbudov bildirib ki, Telman Bəkirov avtomatını ataraq Azərbaycana qayıdıb: “O, ifadəsində bildirib ki, onu aldadaraq Suriyaya aparıblar. Ona külli miqdarda pul, ev və maşın verməyi təklif ediblər. Telman Bəkirov da buna şirniklənərək ora gedib. Orada isə məlum olub ki, vədlərin hamısı yalandır. Bundan sonra Suriyada onun sənədlərini əlindən alıblar və zorla İŞİD-ə üzv ediblər. Telman Bəkirov deyib ki, İŞİD-də 5 dəfə namaz qılmağa məcbur edilirdilər, namaz qılmayanları isə güllələyirdilər”.
Elçin Behbudovun sözlərinə görə, Telman Bəkirov Azərbaycan cavanlarına da müraciət edir: “Telman Bəkirov bildirir ki, Azərbaycan cavanları heç bir vədə alanmasınlar. İŞİD-də döyüşlənlərə nəsə vəd verilməsi yalandır. Cavanları aldadaraq Suriyaya aparırlar. Orada verilən vədələrə əməl edilmədən gənclər döyüşməyə məcbur edilir. Telman Bəkirov da verilən vədlərin yalan olduğunu görəndən sonra Azərbaycana qayıtmağın yollarını axtarıb. Fürsət tapan kimi avtomat silahını ataraq Azərbaycana qayıdıb”.
Hacı Zeynalov