29 Aprel 2015 16:14
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı, “Şəms-MMC” firmasının sahibi, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirəli Vəkilağa oğlu Həqzadənin qətlində ittiham olunan Aydın Rüstəmov və Şahvələd İmanovun növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu cinayət hadisəsi ötən ilin may ayında baş verib. “Şəms-MMC” firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanır. Yaralı xəstəxanada əməliyyat olunsa da gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişir.

Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olur. Qətlin sifarişçisinin 1966-cı il təvəllüdlü Aydın Rüstəmov, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Şahvələd İmanov olması müəyyənləşib. Hadisədən sonra Şahvələd İmanov yaşadığı Göygöl rayonuna qaçsa da, çox keçmir ki, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin Aydın Rüstəmov olması müəyyənləşib.

İstintaqın gəldiyi nəticəyə görə, Aydın Rüstəmov 1996-cı ildən etibarən Mirəli Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda Mirəli Həqzadədən “Şəms MMC” firmasının nizamnaməsində dəyişiklik etməklə onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin Mirəli Həqzadə onun tələblərini rədd edib.

Odur ki, Aydın Rüstəmov tamah məqsədilə onun qətlini sifariş verməklə qisas almaq və ticarət obyektinə payçı olmaq qərarına gəlib. O, 2013-cü ilin fevral ayından əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Şahvələd İmanovla cinayət ələqəsinə girərək Mirəli Həqzadənin qətlini sifariş verib və ona bu işin müqabilində 70 min manat pul verəcəyini vəd edib.

Buna görə də Şahvələd İmanova Mirəli Həqzadənin özünü, sonra da yaşadığı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı mənzilini göstərib. Aydın Rüstəmovun sifarişinə əsasən Şahvələd İmanov həmin gündən etibarən adıçəkilən şəxsi öldürmək üçün onun yaşadığı evin qarşısında müşahidə apararaq gözləyib.

16 may, 2013-cü ildə saat 23 radələrində Mirəli Həqzadə “Prado” markalı avtomaşını ilə yaşadığı binanın həyətində dayanarkən Şahvələd İmanov ona hücum edərək çoxsaylı bıçaq zərbələri endirib. Mirəli Həqzadə qışqıraraq qonşuları köməyə çağırdığından Şahvələd İmanov yaxalanacağından ehtiyat edərək hadisə yerindən qaçıb.

Cinayəti başa çatdıra bilməyən Şahvələd İmanovun yarımçıq qoyduğu “işi” Aydın Rüstəmov davam etdirib. O, ertəsi gün günorta saatlarında işlədiyi aptekə gələrək “Strefontin K” dərman preparatı götürüb və 10 qramlıq şprisə çəkərək cibində saxlayıb. Mirəli Həqzadənin müalicə olunduğu Kliniki Tibbi Mərkəzə yollanıb və yaralı dostuna qulluq etmək adı ilə gecəni Mirəli Həqzadənin yanında qalıb. Gecə yarısı onun yatmasından və köməksiz vəziyyətindən istifadə edərək Mirəli Həqzadənin qoluna taxılmış kateter vasitəsilə dərmanı venasına yeridib. Dərmanın yüksək təzyiqlə qlikozit intoksikasıyasından Mirəli Həqzadənin ürək fəaliyyəti tam dayanıb. Aydın Rüstəmov Şahvələd İmanova vəd etdiyi puldan 40 min dollar verib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Şahvələd İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən məhkəmə prosesində dövlət ittahamçısı Ş. İmanovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qətl sifarişçisi Aydın Rüstəmov barəsində tibbi ekspertizaya rəyinin verilməsi barədə qərar verilib. Onun anlahsız olması buna səbəb olub.

Hacı Zeynalov


Müəllif: