Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, İsmayıl Cəbrayılov qonşusu, 1991-ci il təvəllüdlü Elşən Əhmədovu öldürüb, əmisi, 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılovu və digər qonşusu, 1992-ci il təvəllüdlü Emil İsayevi isə bıçaqlayıb. Hadisə 23 iyul 2014-cü il tarixdə baş verib.
İsmayıl Cəbrayılov həmin gün saat 22 radələrində yaşadığı Xaçmaz şəhəri, Şəfəq küçəsi, 15 saylı evdən küçəyə çıxarkən cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan Emil İsayev və Elşən Əhmədovla öz aralarında yüksək səslə nalayiq söyüşlər söydüklərini eşidib. O, əmisini cinsi azlığın nümayəndəsi olduğu üçün heç vaxt danışdırmayıb. İsmayıl əmisinin və hər iki qonşusunun əxlaqsızlıq etdiklərini düşünərək əsəbləşib.
O, Eyvaz Cəbrayılov, Emil İsayev və Elşən Əhmədovu yanına çağırıb. Həmin vaxt sərxoş olan Eyvaz qardaşı oğluna kobud cavab verib. Bundan əsəbləşən İsmayıl əmisini öldürmək qərarına gəlib. O, özündə olan bıçaqla əmisinin döş qəfəsinə bir neçə zərbə vurub. Onları ayırmağa çalışan Emil İsayev və Elşən Əhmədov da bıçaqlanıb. Elşən Əhmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Eyvaz Cəbrayılov və Emil İsayev vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.
İsmayıl Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror İsmayıl Cəbrayılovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə mayın 14-də davam etdiriləcək.
Hacı Zeynalov