81 yaşlı kişinin qətli ilə bağlı sahə inspektoru və prokuror əvəzi də tutuldu
Şirvan Apelyasiya Məhkəməsində Füzuli rayon sakini Arzu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, 1966-cı il təvəllüdlü Arzu Kərimov sahə inspektoru vəzifəsində işləyərkən Zərgar kənd sakini Əziz Əliyevin öldürülməsi faktına görə 25 dekabr 2009-cu ildə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılmasına mane olub.
O, cinayəti törətmiş qardaşı oğlu Tural Kərimovu cinayət məsuliyyətindən yayındırmaq istəyib.
Arzu Kərimov həmin iş üzrə qardaşı oğlu Tural Kərimovun şübhəli hesab edildiyini və onun ətrafında əməliyyat tədbirlərinin aparıldığını yəqin edib. O, qulluq səlahiyyətlərindən qanunvericiliklə müəyyən edilmiş ədalət mühakiməsi mənafelərinin ziddinə istifadə edərək, qardaşı oğlunun qeyd olunan cinayətin törədilməsində iştirakını istisna edən tutarlı faktlar yaratmaqdan ötrü 27 dekabr 2009-cu ildə mərhumun yaşamış olduğu evə gəlib.
Polis zabiti qətlə yetirilən kişinin oğluna nə deyib?
Arzu Kərimov mərhumun oğlu Əkbər Əliyevlə görüşüb. O, qardaşı oğlu Tural Kərimovun qonşu kimi cinayət aşkar edildikdən dərhal sonra hadisə yerinə gəlib-gəlməməsi ilə maraqlanıb. Daha sonra Turalın cinayət baş verən evdəki məişət əşyalarına toxunması, həmin səbəbdən əşyaların üzərində əl izlərinin qalması ehtimalının reallığına mərhumun oğlunu inandırıb.
Arzu Kərimov mərhumun oğlu gələcəkdə istintaq araşdırması zamanı şübhələri Tural Kərimovun üzərindən kənarlaşdırmağa yönələn istiqamətləndirici söhbət aparıb.
Tural Kərimovun həmin cinayətin törədilməsində şübhəli şəxs hesab edilərək 3 yanvar 2010-cü il tarixdə tutulmasından sonra onun azad edilməsinə nail olmaq üçün qardaşı İlham Kərimovun digər oğlu Cahid Kərimova zəng edib. O, Tural Kərimovun qanunsuz olaraq guya rayon polis şöbəsinin anbarında soyuq zirzəmidə saxlanması və işgəncəyə məruz qalması barədə əsassız məlumat verib.
İşgəncə, yoxsa...
Arzu Kərimov Tural Kərimovun guya işgəncələrə məruz qalması ilə bağlı yaxınlarına müxtəlif təşkilatlara təcili şikayətlər göndərməyi, rayon prokurorluğunun və polis şöbəsinin inzibati binaları qarşısında toplaşaraq, açıq nümayişlər keçirməklə həmin orqanlara təsir etməyi və işin istintaqı ilə əlaqədar fəaliyyətə maneçilik yaratmağı tövsiyə edib.
Həmçinin Arzu Kərimov yanvarın 3-də həmin iş üzrə ekspert tədqiqatı aparan, Müdafiə Nazirliyinin Mərkəzi məhkəmə-tibbi ekspertizasının Lənkəran Məhkəmə-tibbi laboratoriyasının rəisi Ramin Allahverdiyevə zəng edərək Tural Kərimovun bədənində aşkar olunmuş əlbəyaxa vəziyyətinə xarakterik xəsarət izlərini ekspert rəyində əks etdirməməyi xahiş, işi yoluna qoymaq üçün görüşməyi təklif edib.
Rəis müavinin otağına basqın
Bundan əlavə, o, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroru vəzifəsinin icraçısı Çingiz Mövsümovla Dilağarda kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb. Arzu Kərimov Çingiz Mövsümova Tural Kərimova tamah niyyəti ilə qəsdən adam öldürmə cinayət əməli üzrə ittiham elan olunmamasından ötrü 2500 manat rüşvət verib, istintaqın sonrakı gedişində sonuncunun cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı məhkəmə-psixatriya ekspertizasının rəyinin alınmasına və gələcəkdə məhkəmə tərəfindən ona təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasına şərait yaratmaqdan ötrü əlavə 30 min manat rüşvət vəd edib.
Arzu Kərimov cinayət işi üzrə əməliyyat qrupunun rəhbəri, rayon polis şöbəsinin rəis müavini Adil Sərdarovun xidməti otağına daxil olaraq, qrup üzvləri - sahə müvəkkili Seyfulla Xəlilov və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Ramiz Kazımova qarşı kobudluq edib. O, polis zabitlərinin qardaşı oğlu Tural Kərimovdan əsassız şübhələndiklərini bildirib, hədə-qorxu gəlməklə qeyd olunan hərəkətləri ilə prokurorun, müstəntiqin və təhqiqatçının fəaliyyətinə qanunsuz müdaxilə edib ibtidai istintaqın həyata keçirilməsinə mane olub.
700 manat cərimə
Arzu Kərimov Cinayət Məcəlləsinin 286.3-cü (tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma) maddəsi ilə ittiham edilib və Füzuli Rayon Məhkəməsinin hökmü ilə 700 manat cərimə cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Arzu Kərimovun cəzasının ağırlaşdırılmasını istəyib. Arzu Kərimov da apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ceyhun Əliyev çıxış edərək Arzu Kərimovun barəsində olan hökmün dəyişdirilməsini istəyib. O bildirib ki, Arzu Kərimov qəsdən ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olan az ağır cinayətlər kateqoriyasına aid cinayət törədib: “Həmin cinayətin ictimai təhlükəliliyi həmçinin ondan ibarətdir ki, bu cür hərəkətlərlə məhkəmə hakimiyyətinin müstəqilliyi haqqında konstitusiya prinsipi pozulur, məhkəmənin, istintaq və təhqiqat orqanlarının nüfuzu aşağı düşür, cəmiyyətin bu orqanlara olan inamı zəifləyir, ədalətlilik pozulur, vətəndaşların, idarələrin, müəssisələrin, təşkilatların qanuni mənafeləri və hüquqları tapdanır”.
Məhkəmə zalında tutuldu
Dövlət ittihamçısı çıxışının sonunda Arzu Kərimova təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır əsas və əlavə cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.
Arzu Kərimovun vəkili Fəxri Rüstəmovun sözlərinə görə, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 286.3-cü maddəsi ilə sübuta yetirilməyib: “İstər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqı zamanı Arzu Kərimov özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyib. Cinayət təqibi orqanı isə onun təqsirliliyini sübuta yetirmək üçün kifayət qədər sübut toplamayıb. Hazırkı iş üzrə toplanmış dəlillər Arzu Kərimova qarşı irəli sürülmüş ittihamın sübutuna kifayət etmədiyinə görə ona bəraət verilməli olduğu halda, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq ona ittiham hökmü çıxarıb”.
Tərəfləri dinləyən hakim heyəti prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib. Qərara görə, Arzu Kərimov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.
Qatilin şikayəti təmin edilmədi
Qeyd edək ki, Tural Kərimov 2009-cu il dekabrın 25-də Füzuli rayonunun Fin qəsəbəsi yaxınlığında yaşayan 81 yaşlı qonşusu Əziz Əliyevin torpaq satdığını bilib, evdə tək olmasından istifadə edərək onun evinə soxulub. Evə girən Tural Kərimov ahıl kişidən pul tələb edib. Məqsədinə asanlıqla nail ola bilməyən oğlan qoca kişini döyüb, onun ölmədiyini gördükdə isə ağzına əski tıxayaraq boğub öldürüb. Daha sonra evdəki pulu götürərək qaçıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Kərimov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib və 14 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin hökmdən təqsirləndirilən şəxs narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, 81 yaşlı kişini qətlə yetirmədiyini bildirib. Qeyd edib ki, cinayəti başqa şəxs və ya şəxslər törədib.
Şirvan Apelyasiya Məhkəməsi Tural Kərimovun barəsində olan hökmü qüvvədə saxlayıb. Tural Kərimovun müdafiəçisi Osman Kazımov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Ali Məhkəmənin qərarına əsasən, Tural Kərimovun kasasiya şikayəti təmin edilməyib.
Bundan əlavə, Füzuli rayon prokuroru vəzifəsini icra edən Çingiz Mövsümov Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü 30 000 manat məbləğində pul istəyib. Çingiz Mövsümov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin hökmdən Çingiz Mövsümov apelyasiya şikayəti verib. Amma Şirvan Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Həmin qərardan narazı qalan Çingiz Mövsümov Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun şikayəti hakim Gülüzar Rzayevin icraatına verilib və məhkəmə baxışı iyunun 21-nə təyin edilib.
Hacı Zeynalov