Sumqayıt Apelyasiya Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Balakən rayon sakini Rafiq Balamamedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rafiq Balamamedov idarə etdiyi “Daewoo Nexia” markalı, Y 415 HB 199 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən 112-ci kilometrliyində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub. O, qarşıdan gələn Bahadur Əmirovun sürdüyü “Kamaz 5411501013” yük markalı yük maşını ilə toqquşub.
Nəticədə ehtiyatsızlqdan “Daewoo Nexia” markalı avtomaşında olan sərnişin Vahid Bayramov ölüb. Bu əməli ilə Rafiq Balamamedov Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib. Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Rafiq Balamamedov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verərək Rafiq Balamamedovun cəzasının ağırlaşdırılmasını istəyib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov bildirib ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayəti etiraf edərək törətdiyi əməlindən səmimi peşmanlıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun əməlində Cinayət Məcəlləsinin 72.1-ci maddəsində nəzərdə tutulan hərəkətlər mövcud deyil: “Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxslərin ailə üzvlərinə heç bir mənəvi dəstək və maddi köməklik göstərməyib. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədilə ibtidai istintaqa verdiyi ilkin izahat və ifadələrində hadisə baş verən zaman sükan arxasında mərhum zərərçəkmiş şəxsin olmasını bildirib. Bu da onun əməlindən peşman olmamasına dəlalət edir. Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin ailə üzvlərindən üzr istəyərək dəymiş ziyanı ödəməsini öz öhdəsinə götürməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb. İşin hallarından göründüyü Rafiq Balamedov iş üzrə təkzib olunmaz faktlar qarşısında qaldıqdan sonra onun dəymiş ziyanın ödənilməsi barədə öhdəlik götürüb”.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxs zərərçəkmiş tərəfə dəymiş ziyanı ödməyib. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəyib. Təqsirləndirilən şəxs və onun vəkili Vüsal Mirzəyev apelyasiya protestinin təmin edilməməsini istəyib. Hakim heyəti sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Rafiq Balamamedovun cəzası 5 il 3 ay müddətinə qədər artırılıb. O, məhkəmə zalından həbs edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsini barədə qərar qəbul edilib.
Hacı Zeynalov