Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən 18 nəfərlik dəstəyə üzv olan İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbrayılov, Rauf Mahmudov, Rəşad Ağayevin cinayət işi üzrə proses başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 3 ildən 15 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror İbrahim Miriyevin 15 il, Xəzər Əhmədovun 15 il, Rauf Rəhimovun 15 il, Şahin Niftəliyevin 15 il, Oqtay Zəkiyevin 16 il 6 ay, Tacəddin Qafarovun 15 il, Təvəkkül Seyidovun 15 il, Rafael Əliyevin 14 il, Kamil Salayevin 15 il, Elməddin Quliyevin 8 il, Pərviz Hüseynovun 14 il, Tural Cavadzadənin 13 il, Kənan Qasımlının 14 il, Kənan Alıyevin 14 il, Azad Cəbrayılovun 15 il, Rauf Mahmudovun 14 il, Rəşad Ağayevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətlər olan meyiti tapılıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olduğu müəyyən edilib.
İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə ötən ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovu öldürməyi təklif edib və əvvəlcədən 5.100 manat ödəyib.
Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oqtay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.
Daha sonra Rauf Rəhimov, Tacəddin Qafarov və Təvəkkül Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüblər, cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər. İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində maska formasında düzəldilmiş iki idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib. Məlum olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan Rauf Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarovla birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də, adları hələlik istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı avtomobillə Çingiz Məmmədovun evinə gəliblər. Onlar üzlərinə qara maska keçirərək mənzilə basqın ediblər.
Dəstə üzvləri ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə 16 min manat pulu ələ keçiriblər.
Hacı Zeynalov