Sumqayıt Apelyasiya Məhkəməsində dini qruplar arasında baş verən silahlı insident zamanı xuliqanlıqda təqsirli bilinən Vüqar Xəlilov və Elnur Nəzərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Sumqayıt şəhərində fəaliyyət göstərən eyni dini baxışlarına görə yaradılmış dəstənin (camaatın) üzvü və başçısı (əmiri) sayılan Elşən Musayevin digər dini dəstənin üzvü Elmar Məmmədli ilə 11 dekabr 2013-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində yerləşən "Şərq bazarı" ticarət mərkəzinin qarşısında dini fikir ayrılığı üstündə mübahisə yaranıb.
Vüqar Xəlilov baş vermiş münaqişəyə aydınlıq gətirməkdən ötrü Elşən Musayev, "Qarabağ" kinoteatrının qarşısında gözləyən Elmar Məmmədli və tərəfdarlarından üzv olduğu dəstənin tərəfdarları ilə birlikdə toplaşdığı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisindəki "Soltan" çay evinə gəlmələrini tələb edib.
İki dini qrup, fərqli baxışlar
Həmin gün saat 20.30-da çay evinə Elçin Əkbərov, eləcə də, sonuncunun başçı olduğu dəstənin üzvləri Elmar Məmmədli, Anar Rəhimov və digərləri gəlib.
Vüqar Xəlilov əsaslı səbəb olmadan Elşən Musayev, Elnur Nəzərəliyev və digərləri ilə birlikdə bıçaq, taxta və dəmir parçaları, habelə çay evində olan sərt predmetlərlə Anar Rəhimov, Elmar Məmmədli, Yusif Eyibalıyevə qarşı zor tətbiq edərək döyüblər, habelə "Soltan" çay evinin icarədarı olan Əliheydər Mənsimova məxsus əmlaka ziyan yetiriblər.
Hadisə nəticəsində Anar Rəhimov, Elmar Məmmədli və Yusif Eybalıyev xəsarət alıb, Əliheydər Mənsimova isə 843 manat 80 qəpik məbləğində maddi ziyan vurulub.
Həm Vüqar Xəlilovun, həm də Elnur Nəzərəliyevin yaşadığı evlərdə əməliyyat keçirilərkən xeyli sayda silah-sursat aşkar olunub.
Cinayət işində adları hallanan Elçin Əkbərov 9 il, Elmar Məmmədli 9 il, Zaur Paşayev 9 il, Firudin Musayev 7 il, Əhməd Salmanov 8 il, Anar Mirzəyev 8 il, Murad Məhərrəmov 8 il, Anar Rəhimov 8 il, Vüqar Abdullayev 8 il, Amil Tağıyev 7 il, Elçin Mirzəyev 8 il, Cəlal Mikayılov 7 il, Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda sələfilərin başçısı olan Elşən Musayev isə tək mühakimə edilib və 13 il cəza alıb. Hər iki cinayət işi ayrı-ayrı icraatda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Vüqar Xəlilov və Elnur Nəzərəliyev isə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. Hər iki təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsində mühakimə ediliblər və məhkəmənin hökmü ilə Vüqar Xəlilov 7 il, Elnur Nəzərəliyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Xəlilov bildirib ki, təxminən 7 ilə yaxındır ibadətlə məşğul olur, əsl din yolunu "Əhli sünnə vəl cəmaət" məzhəbində görür: "Sumqayıt şəhərində "Əhli sünnə vəl cəmaət" məzhəbinə məxsus "Sələfi saleh" qoluna etiqad edən bir neçə şəxs var. Həmin şəxslərlə dostluq edirəm. Onlardan "Hamza" ləqəbli Elşən Musayev, onun qardaşı Ruslan, "Abdullah" ləqəbli Elnur Nəzərəliyev, Razim və digərlərini tanıyıram. Ümumiyyətlə, bir-birimizi görəndə o qədər "əxi-əxi", yəni qardaş deyirik ki, adlarımızı yadımızda saxlamamışıq. Özüm həmin camaata daxil olmamışam, lakin camaatın üzvləri ilə sıx əlaqə saxlayıram".
Vüqar Xəlilovun sözlərinə görə, dekabrın 11-də "Şərq bazarı" adlanan ticarət mərkəzində əmir Elşən Musayevlə əmiri Elçin Əkbərov olan digər camaatın üzvü Elmarın arasında dini mövzuda mübahisə düşüb: "Elmargilin dini baxışlarına görə, bir müsəlmanın digər müsəlmanla mübahisəsi düşdükdə müsəlman bununla bağlı hüquq-mühafizə orqanlarına və yaxud məhkəməyə müraciət edərsə, onda həmin şəxs kafir sayılır. Elşən Musayevin isə dini baxışı əks mövqedə olduğu üçün Elmar "Şərq bazarı" adlanan ticarət mərkəzində olarkən Elşəni yumruqla vurub. Lakin orada olan insanlar Elşənlə Elmarı aralaşdırdığından söhbət dekabrın 12-ə qalıb".
Dekabrın 11-də, axşam saatlarında Elşəngilin camaatının toplaşdığı Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən "Soltan" çay evinə gedib. Çay evinə daxil olanda orada bir neçə nəfər şəxsin olduğunu görüb: "Həmin insanlar Elşənin camaatından idi və həmişə olduğu kimi, həmin gün də oraya yığışmışdılar. Özlərini aparmalarından hiss etdim ki, hamısı məsələdən xəbərdardırlar, ona görə kefləri yoxdur. Mən çayxanaya gedəndə Elşən Musayev hələ gəlməmişdi. Elşən məndən bir qədər sonra gəldi. Onun yanına gedərək nə baş verdiyini soruşdum. Söhbətlərindən hiss etdim ki, Elçingilin dəstəsi Elşəni döymək üçün axtarırlar, ona görə də Elşən həmin şəxslərlə görüşməyə getmək istəyib".
Vüqar Xəlilov bildirib ki, Elşənin yanında olanda onun telefonuna zəng gəlib və zəng vuran Elşənin "Qarabağ" kinoteatrının qarşısına gəlməsini istəyib: "Lakin Elşən həmin şəxsə "Zaur, mən gəlmək istəmirəm, söhbətiniz varsa, söhbət etmək üçün siz buraya, yəni çayxanaya gəlin" sözlərini dedi. Ancaq Zaur Elşənə dedi ki, Elşən, başına kaska tax, gəlirik.
5-10 dəqiqədən sonra təxminən 20-25 nəfərə yaxın, bəlkə də, çox insanın bıçaq, dəyənək, zəncir və lomla silahlanaraq çay evinə gəldiyini gördüm. Onlar gələn kimi irəlidə olan Zaur Paşayev "Elşən, sən hələ çox içəridə qalacaqsan" deyərək Elşənin olduğu otağa hücum etdi. Açıq-aydın hiss etdim ki, gələnlərin hədəfi yalnız Elşəndir, ya Elşəni maşına basaraq aparmaq, ya da döymək istəyirlər. Zaura söhbət etməyi təklif etdim. Zaur mənə kənara çəkilməyimi və işinin Elşənlə olduğunu dedi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, yenidən Zaura söhbət təklif edib, Zaur yumruqla onun baş nahiyəsinə qüvvətli zərbə vurub: "Zərbənin təsirindən yerə yıxıldım. Aləm bir-birinə qarışdı, kütləvi şəkildə iki dəstə arasında dava düşdü. Hamı özünü qoruduğundan kim kimi və nə ilə vurduğunu bilmək mümkün deyildi. Elmarın, Zaurun, Muradın, "İxlas" ləqəbli Zaurun, qəssab Anarın əllərində bıçaq və dəyənək, Firudinin əlində qaz balonu gördüm.
Özüm görməsəm də, sonradan uşaqların deməsindən bilmişəm ki, Firudinlə birlikdə Elçin, yəni həmin dəstənin əmiri olan Elçin Əkbərov da idman formasında oraya gəlib. Gördüm ki, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov Elşən Musayevi döyürlər. Çay evinin ümumi zalında dava-dalaş zamanı Elşən Musayevin əlində əl qumbarası da vardı. Həmin vaxt hücum edənlər Elşəni döyürdülər, ona görə də o, özünü müdafiə etmək üçün əl qumbarasını döyənlərə tərəf çəkərək hücumun qarşısını almaq istəyirdi.
Elşən Musayev qumbaranı hücum edənlərə göstərəndə onlar bayıra çıxmağa başladı. Bir müddət sonra küçədən qumbaranın partlayış səsi gəldi, yenidən avtomatdan atəş səsləri eşidildi. Lakin avtomatdan kimin atəş açdığını görmədim. Sonradan məlum oldu ki, qumbara partlamasından həm Elşən özü, həm də Elnur Nəzərəliyev xəsarət alıblar".
Zərərçəkmiş Elmar Məmmədli qeyd edib ki, dini ləqəbi "Hamza" olan Elşən Musayevi ibadət etməyə başladıqdan az sonra tanıyıb və əhli-sünnə olduğunu bildiyindən onunla yaxşı münasibətləri olub : "Lakin sonradan aramızda soyuqluq əmələ gəldi. Təxminən 3-4 ay bundan qabaq internet vasitəsi ilə dini saytda yerləşdirilmiş Quranın "Ən-Nisə" surəsinin 60-cı ayəsinə əsasən, dünyəvi mühakimənin küfr olduğu, yəni insanı islamdan çıxaran əməl sayıldığı yazıdlığından mən və digər həmfikirlərim bunu araşdırdıq. Belə qərara gəldik ki, Allahın mühakiməsindən başqa bütün məhkəmə prosesləri səhvdir, yəni hər hansı müsəlman hər hansı bir məsələ ilə əlaqədar məhkəməyə müraciət edərsə, bu, Allahın ayəsinə ziddir və bunu edən müsəlman artıq islamdan çıxmış olur. Bu fikir mən də daxil olmaqla Elçin Əkbərov və digər həmfikirləri tərəfindən qəbul olundu. Bu barədə Elşən və onun həmfikirləri ilə müzakirə apararaq, bu məsələni qəbul etmələrini istədik. Lakin Elşən və onun həmfikirləri qəbul etmədilər".
Elnur Məmmədli bu səbəbdən mübahisə yarandığını, nəticədə də xuliqanlıq və digər ağır hadisələrin baş verdiyini qeyd edib. Digər zərərçəkmişlər Anar Rəhimov, Yusif Eyibalıyev ifadə verəndən sonra apelyasiya şikayətinə baxan hakimlər qərar elan edib.
Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov