Sumqayıt Şəhər Məhkəməsində qumarxana təşkil etməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Tural Nurəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Tural Nurəliyev Sumqayıt şəhəri, 2-ci mikrorayonda “İnternet kafe” işlətmək məqsədi ilə icarəyə götürüb. O, həmin yerdə “Novotech” adlı “online” mərc (kazino), yəni pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunların keçirilməsi üçün yer təşkil edib.
Tural Nurəliyev pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlədərək, avtomobil biznesi ilə əlaqədar şəriklərinə pul göndərmək adı ilə 1015 ABŞ dollarına 7000 manat dəyərində xal əldə edib.
O, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməklə oyunları davam etdirmək məqsədi ilə 2 may 2012-ci il tarixdən 15 may 2014-cü il tarixədək “Bank Respublika” ASC-nin Sumqayıt filialından “Wester Union” və “Zolotaya Korona” sürətli pul köçürmə sistemləri ilə əməliyyatlar aparmaqla qumar oyunlarının proqram təminatçıları olan Ukrayna Respublikasında yaşayan Cıjık İqor Nikolayeviçin adına 21 əməliyyat üzrə 14383 manat, Miquş Svetlana Viktorovnanın adına 16 əməliyyat üzrə 12057 manat, Smotriçkiy Arkadiy Yakovleviçin adına 2 əməliyyat üzrə 1593 manat, Rusiya Federasiyasında yaşayan Kostenko Aleksey Valeryeviçin adına 1 əməliyyat üzrə 798 manat və 16 əməliyyat üzrə 11744 manat olmaqla, ümumilikdə 40.575 manat puldan maliyyə əməliyyatları həyata keçirib.
O, Cinayət Məcəlləsinin 244-1.1-ci (qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama), 193-1.1.1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər əmlaka qanuni status vermək) maddələri ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə Tural Nurəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 2 il şərti cəza təyin edilib.
Hacı Zeynalov