Ali Məhkəmədə bibisini öldürməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Mövlanovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Samir Mövlanov 17 iyun 2013-cü il tarixdə bibisi Gülbikə İsgəndərovanı öldürüb. Samir Mövlanovun həyat yoldaşı Ülviyyə Quliyeva ərindən gizlin mobil telefon işlədərək onun bibisi oğlu Nurlan İskəndərov ilə telefon əlaqəsi saxlayıb. Samir 11 iyun 2013-cü ildə öz bibisi oğlu ilə həyat yoldaşı Ülviyyənin sevgi münasibətində olduğunu öyrənib. O, həyat yoldaşından bu barədə soruşub. Ülviyyə Quliyeva ərinin məsələdən xəbər tutmasını biləndən sonra qorxuya düşüb və həmin gecə evdən qaçıb.
Samir Mövlanov həyat yoldaşının bibisi oğlu ilə birlikdə Bakı şəhərinə getdiyini öyrənib. O, həyat yoldaşının bibisi oğlu Nurlan İskəndərovla ona xəyanət etdiyini başa düşüb. Samir bu məqsədlə onları axtarıb.
Samir Mövlanov hər dəfə bibisi Gülbikə İskəndərovadan onların yerini soruşub. Gülbikə hər dəfə onların harada olduğunu bilmədiyini deyib. Hadisə baş verən gün Samir spiritli içki qəbul edib və saat 22 radələrində bibisi İskəndərovanın Köhnə Xaçmaz kəndi, Qudyalçay küçəsi 14 ünvanında olan evinə gəlib. O, bibisindən oğlu Nurlanın yerini soruşub. Bu zaman bibi və qardaşoğlu arasında mübahisə yaranıb.
Mübahisə zamanı Samir Mövlanov qisas almaq məqsədilə Gülbikə İskəndorvanı öldürmək qərarına gəlib. Samir bu məqsədlə özündə olan bıçaqla Gülbikə İskəndərovanın boyun nahiyəsini kəsib. O, daha sonra bibisinə 22 bıçaq zərbəsi vurub. Gülbikə İskəndərova aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.
Samir Mövlanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Mövlanov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib.
Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Samir Mövlanovun şikayəti təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib. Ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bu qərardan narazı qalan Baş Prokurorluq Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakim heyəti Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Bu dəfə apelyasiya instansiyasında şikayətə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkumun vəkili Şəmsəddin Quliyev bildirib ki, təqsirləndirilən şəxsin öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək, onları idarə etmək iqtidarında olmayıb. Vəkilin sözlərinə görə, məhkum bibisi Gülbikə İsgəndərovanı güclü ruhi həyəcan (affekt) vəziyyətində öldürüb. Vəkil müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş edib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərarını açıqlayıb. Qərara görə, Samir Mövlanov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təyin edilmiş 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasında 1 il çıxılıb və onun barəsində qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Prokurorluq yenə də məhkəmə qərarından narazı qalıb və kasasiya şikayəti verib və Samir Mövlanovun cəzasının ağırlaşdırılmasını istəyib. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə yeni qərar açıqlanıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib.
Hacı Zeynalov