Ali Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işindən verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Anar Məmmədli və digər şəxslərin kasasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb. Bakı Apelyasiya Məhkəməsi birinci məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hacı Zeynalov