27 Avqust 2015 20:46
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar mühafizəçisi ilə mübahisə nəticəsində 1 nəfər öldü, 3 nəfər həbs edildi

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Əkbər Cəfərov, xuliqanlıqda təqsirləndirilən Amil Quliyev və Azər Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Əkbər Cəfərov 12 iyun 2013-cü il tarixdə, saat 23:30 radələrində Biləcəri qəsəbəsində yerləşən dəmir bazarında əmisi Elsevər Cəfərova məxsus metal məmulatların satışı bazasında gözətçilik edib. Bu zaman bazarın yaxınlığında bərbər işləyən Amil Quliyev evindən sərxoş vəziyyətdə çıxıb və dostları ilə görüşmək üçün bazara bitişik olan “Borçalı” kafesinə yollanıb. O, Əkbər Cəfərovun qoruduğu bazanın ərazisindən keçərkən ucadan səs-küy salıb, ünvansız söyüşlər söyüb.

Əkbər Cəfərov ona mühafizə olunan yerdən keçdiyinə görə Amil Quliyevə irad bildirib, bir daha bazardan keçməməsini tələb edib. Buna görə onların aralarında mübahisə yaranıb.

Əkbər Cəfərov Amilin sərxoş olduğunu bilib və telefon nömrəsini alaraq “çıx get, sən sərxoşsan, nə vaxt ayılarsan, sonra söhbət edərik” deyə bildirib. Amil isə onu dostları ilə hədələyərək “Borçalı” kafesinə gedib.

Gecə saat 12 radələrində Əkbər Cəfərov mühafizə etdiyi obyektin baş gözətçisi İlqar Əmrahovun otağına gəlib və həmkəndlisi Şəhriyar Kərimli zəng edərək Amil Qasımov və kafedə olan dostlarının onu ağır söyüşlərlə söydüyünü, onu döyməyə gəldiklərini deyib. Şəhriyar Əkbər Cəfərova özünü qorumağı məsləhət bilib, deyib ki, Amil Quliyev və onun dostlarına mane olmaq istəyib, ancaq Amilgil onu da döyüblər.

Əkbər Cəfərov Şəhriyara deyib ki, Amil və dostlarını mümkün qədər burdan uzaqlaşdırsın. Bu vaxt İlqar Əmrahov otağından çıxıb və “Borçalı” kafesindən təxminən 700 metr aralıda yerləşən birinci girişin yanında dayanıb.

Bir müddət sonra Şəhriyar Kərimli təkrar Əkbər Cəfərova zəng edərək həmin uşaqların kafedən çıxdığını, bazarın içində onu ağır söyüşlərlə təhqir etdiklərini deyib. Şəhriyar həmçinin bildirib ki, Amilgil bazarda olan digər gözətçilərə də hücum çəkiblər. Əkbər Cəfərov Amil Quliyev və dostlarının onu döymək fikrində qəti olduğunu anlayıb.

Əkbər Cəfərov heç bir səbəb olmadan Amil Quliyev və dostlarının onu ağır söyüşlə söymələrinə, mühafizə etdiyi bazaya hücum çəkmələrinə, həmkəndlisi Şəhriyar Kərimlini döymələrinə görə hiddətlənıb. O, aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün bazardan çıxıb və “Borçalı” kafesinə tərəf gəlib.

Həmin vaxt Əkbər Amilin mobil telefona zəng edib və ona deyib ki, çıx çölə, gəlirəm. O, kafeyə yaxınlaşanda səs-küy və ünvanına yenidən söyüş səsləri eşidib.

Bundan sonra, Əkbər Cəfərov Amili və onun yanında olan dostlarını cəzalandırmaq məqsədilə hasarın kənarından armatur parçası tapıb və kafeyə yaxınlaşıb. Bu vaxt kafedən iki nəfərin çıxaraq ona tərəf gəldiyini görüb. Kafenin yaxınlığında söyüş söyərək yaxınlaşan Azər Sultanovla qarşılaşıb. Əkbər əlində olan armaturla Azərin baş nahiyəsinə bir zərbə vurub.

Sonra Azərin arxasınca gələn Afiq Soltanov onu ağır təhqiredici söyüşlərlə söyüb. Afiqin söyüşlərindən hiddətlənən Əkbər onu öldürmək qərarına gəlib. Bıçaqla Afiq Soltanova bir neçə zərbə vuraraq öldürüb.
Əkbər Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddələri ilə, həmçinin digər təqsirləndirilənlər - Amil Quliyev və Azər Sultanov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Cəfərov 14 il, Amil Quliyev və Azər Sultanovun hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində Əkbər Cəfərovun cəzası 13 ilə, digər təqsirləndirilən şəxslərin isə cəzası 1 ilə endirilib.

Məhkəmənin qərarından narazı qalan Baş Prokurorluq kasasiya protesti verib. Prokurorluq şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Prokurorluğun şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbov baxıb və apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib. İşin yenidən apelyasiya məhkəməsində baxılmasına qərar verilib.

Bu dəfə apelyasiya məhkəməsində işə hakim Abid Abdinbəyovun sədrlik etdiyi kollegiyada baxılır. Hakimlər ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını, həmçinin apelyasiya şikayətlərinin dəlillərini müəyyən ediblər.

Məhkəmə baxışı avqustun 28-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər