1 Sentyabr 2015 11:36
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə qız qaçırmaqda ittiham olunan Yevlax rayon sakinləri – 1989-cu il təvəllüdlü Siyasət Məmmədov, 1989-cu il təvəllüdlü Mustafa Nəsrullayev, 1974-cü il təvəllüdlü Cuma Qurbanov və 1990-cı il təvəllüdlü Elamin Qurbanovun məhkəməsi başa çatıb.


Teleqraf.com xəbər verir ki, Siyasət Məmmədov 23 sentyabr 2014-cü il tarixdə saat 13 radələrində ailə qurmaq istədiyi Nigarı (ad şərti göstərilib-red) oğurlamaq məqsədi ilə tanışları Cuma Qurbanov, Elamin Qurbanov və Mustafa Nəsrullayevdən ibarət qrup təşkil edib. Onlar birlikdə Mustafa Nəsrullayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “İlk Qurucular” parkının yaxınlığına gəliblər və orada Nigarı gözləyiblər.

Tələbə qızı zorla qaçırdılar

Həmin vaxt Nigar oxuduğu Mingəçevir Müəllimlər İnstitutundan çıxaraq onların yaxınlığından yaşadığı evə doğru piyada gedərkən Mustafa Nəsrullayev idarə etdiyi “VAZ 21074” markalı avtomaşını yolun kənarında saxlayıb. Sonra Cuma Qurbanov və Elamin Qurbanovla birlikdə avtomobildən yerə düşərək Nigarı zorla avtomobilin salonuna dartıblar. Həmin vaxt Nigara xəsarət də yetiriblər. Onlar qızı daha sonra Yevlax rayonu, Əcəmi kəndində yerləşən Elamin Qurbanovun atası Elzamin Qurbanova məxsus evə aparıblar.

Adam oğurluğu ittihamı

Nigarın valideynləri baş verən hadisə ilə bağlı Mingəçevir rayon Polis Şöəbəsinə məlumat veriblər. Polisin keçirdiyi əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib. Mütəşəkkil dəstənin üzvləri Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham ediliblər.

Qız qaçırdanlara 32 il cəza

Təqsirləndirilən şəxslərin barəsində toplanmış istintaq sənədləri araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Siyasət Məmmədov 8 il 6 ay, Mustafa Nəsrullayev 8 il, Cuma Qurbanov 8 il və Elamin Qurbanov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Onların şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə təqdim edilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətləri dinlənilib. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edilib.

Qərara görə, Siyasət Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. Mustafa Nəsrullayev, Cuma Qurbanov və Elamin Qurbanovun apelyasiya şikayəti qismən təmin edilib. Onların hər birinin cəzası 5 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: