Azərbaycan gömrükçüləri qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata əsasən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər.
Lakin həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır. Son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı və Antalya-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 4 ədəd soyuq silah - 3 ədəd “beşbarmaq” və 1 ədəd dəyənək aşkar edilərək götürülüb.
Ümumilikdə 4 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.
Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilib.
Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu “beşbarmaq” və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
İlhamə