Apelyasiya instansiyası isə onların haqqında bəraət hökmü çıxardı
Şəki Apelyasiya Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən Göyçay rayon sakinləri - 1987-ci il təvəllüdlü Aqil Xəlilov və 1981-ci il doğumlu Samir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Aqil Xəlilov və Samir Məmmədov Göyçay rayonu Cəyirli kəndində Əfqan Salmanova məxsus, amma onun qohumu Mirqədir Xakidan tərəfindən işlədilən mebel sexində müştərilərdən alınan pulların bir qismini mənimsəyiblər. Sex sahibi onların əməllərindən xəbər tutub və hüquq-mühafizə orqanlarına müraciət edib.
İstintaq orqanı Aqil Xəlilov və Samir Məmmədovu Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2-ci (mənimsəmə və ya israf etmə) və 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham edib.
Göyçay Rayon Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxslərin mənimsəmə, dələduzluq əməlləri sübuta yetirilməyib. Buna görə də onların əməlləri Cinayət Məcəlləsinin 184.2.1 və 184.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma) maddələrinə tövsif edilib.
Məhkəmənin hökmü ilə Aqil Xəlilov 800 manat, Samir Məmmədov isə 550 manat miqdarında cərimələniblər.
“Əmək haqqım ödənməyib”
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2 və 178.2.2-ci maddələri ilə cəzalandırılmasını istəyib. Təqsirləndirilən şəxslər də apelyasiya protesti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki şikayət hakim Gündüz Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Aqil Xəlilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ilin oktyabrından 2013-cü ilin aprel ayınadək Göyçay rayonu Cəyirli kəndində yerləşən, qohumu Əfqan Salmanova məxsus mebel sexində hər hansı müqavilə bağlamadan, Mirqədir Xakidanın şifahi tapşırığına əsasən nəzarətçi kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, Mirqədir Xakidan şifahi olaraq müştərilərdən mətbəx mebeli yığılması üçün sifarişləri qəbul etməyi, sexdə və sexin ətrafında olan qeyri-yaşayış sahəsində yerləşən materialların sifarişə əsasən ustalara verməyi, sifarişçilərdən pulları yığmağı ona tapşırıb: “Rəsmi qeydiyyata alınmayan mebel sexində nəzarətçi işləməyimə görə Mirqədir Xakidan tərəfindən hər ay mənə 200 manat haqq ödənməsi nəzərdə tutulub. Amma sifariş edilən mətbəx mebelləri sifarişçilərin evində quraşdırıldıqdan sonra mebellərin dəyəri hissə-hissə ödənilib. Mirqədir Xakidan isə hər ay üçün nəzərdə tutulan əmək haqqını mənə verməyib”.
“Qalan pulu Samirlə böldük”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin noyabrında Qəfər Məmmədov mətbəx mebeli sifariş verib: “Usta Samir Məmmədovla birlikdə Qəfər Məmmədovun evinə getdik. Samir ölçüləri götürdü, 5 metr ölçüdə mətbəx mebeli hazırlanacağı məlum oldu. Həmin ölçü və yığılan mətbəx mebelinin dəyərinə dair dəftərdə qeydiyyat apardım, qeydləri Mirqədir Xakidana verdim. Qəfər Məmmədovun özünə isə sifariş elədiyi 5 metr ölçüdə mətbəx mebelinə görə 1250 manat ödəyəcəyini bildirdim. O, 50 manat beh verdi, mebel yığıldıqdan sonra isə qalan pulu hissə-hissə ödəyəcəyini söylədi.
Samir Məmmədov götürdüyü ölçülərə görə mətbəx mebeli yığdı və hazır mebeli Qəfər Məmmədovun evinə apararaq quraşdırdıq. Həmin vaxt Qəfər Məmmədov qızının təklifinə görə hazırlanmış mətbəx mebelinin “küncvari” yığılmasını xahiş etdi. Samir əlavə işləri görmək üçün materialları mağazadan öz vəsaiti hesabına aldı və sifarişçinin evində əlavə işlər gördü. Mətbəx mebelini Qəfər Məmmədovun evində yığıb başa çatdırdıq.
Görülən işlərin müqabilində Qəfər Məmmədovun əlavə 375 manat da ödəyəcəyi razılaşdırıldı. O, vəd etdiyi kimi pulu hissə-hissə ödədi. Qəfərin sifarişinə görə yığılan mətbəx mebeli üçün ondan aldığım 1625 manatdan 1250 manatını Mirqədir Xakidana çatdırdım.
Bizə əmək haqqı verilmədiyinə görə Qəfər Məmmədovdan aldığım pulun 375 manatının əlavə materiallara xərclənmiş pul çıxıldıqdan sonra qalan hissəsini Samirlə aramızda böldük".
“200 dolları sonra ödəyəcəyinə söz verdi”
Aqil Xəlilov qeyd edib ki, bir müddət sonra usta Samir Məmmədov ona yaxınlaşıb və çoxdan tanıdığı Ucar rayonundan gəlmiş Mirəli Mahmudov adlı müştəriyə mətbəx mebeli yığmaq üçün sifariş götürməyi xahiş edib: “Sifarişçi Mirəli Mahmudov Rusiya Federasiyasına işləmək üçün gedib-gəldiyini, 1000 dollar dəyərində mətbəx mebeli yığdırmaq istədiyini bildirdi. Samir Məmmədovla birlikdə Mirəli Mahmudovun yaşadığı Ucar rayonu Qaracallı kəndində yerləşən evinə getdik. Ev sahibi 200 dollar beh verdi.
Samir Məmmədovla ölçüləri götürdük, dəftərimdə 3,56 metr ölçüdə mətbəx mebeli yığılacağını qeyd etdim. Samirə materialları verdim, mebel hazır olduqdan sonra onu Mirəli Mahmudovun evinə aparıb quraşdırdıq. Mirəli Mahmudov 600 dollar ödədi, qalan 200 dolları isə sonra verəcəyini söylədi. Həmin puldan 132 manatı Samirlə əmək haqqı almadığımıza görə böldük. Mirqədir Xakidana isə 648 manat verdim və bildirdim ki, Mirəli Mahmudov 200 dollar borclu qalıb. Mirəli sonradan Rusiya Federasiyasından 200 dolları göndərdi, Mirqədir Xakidan həmin pulu aldı".
“Məsul şəxs olmamışam”
Digər təqsirləndirilən Samir Məmmədov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Cəyirli kəndində yerləşən mebel sexində qeyri-rəsmi olaraq mebel ustası işləyib. Vətəndaşlardan sifarişi bəzən Mirqədir Xakidan özü, bəzən də mebel sexində işləməyən, lakin Mirqədir Xakidanın şifahi tapşırığına əsasən fəaliyyət göstərən nəzarətçi Aqil Xəlilov qəbul edib. İşlədiyim müddətdə materialları Mirqədir Xakidan və Aqil Xəlilovdan götürmüşəm. Çox hallarda mebeli sifariş edən şəxslər işlənən materialların dəyərini Mirqədir Xakidana və nəzarətçi Aqil Xəlilova dərhal ödəyiblər. Bəzən olub ki, sifarişçi mebel quraşdırılanda fikrini dəyişib, mebelə əlavə hissələr quraşdırılmasını xahiş edib. Bu səbəbdən mebel sexində öz vəsaitim hesabına əlavə material almışam. İşdən sonra sifarişçinin mətbəxində quraşdırılan mebelə əlavələr etmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, qanunsuz fəaliyyət göstərən mebel sexində usta kimi işləsə də, heç vaxt maddi məsul şəxs olmayıb, Mirqədir Xakidanın və nəzarətçilərin sifarişə uyğun verdikləri materiallara görə işləyib: “Mebel sexi Əfqan Salmanova məxsus olsa da, sexi Mirqədir Xakidan işlədib. İstədiyim vaxt işçilərə, eləcə də? mənə heç bir sənədə imza etmədən istədiyi məbləğdə əmək haqqı ödəyib, bəzən də əmək haqqı verməyib”.
İşdə olan sübutları araşdıran hakim kollegiyası sonda prokurorluğun protestini təmin etməyib. Göyçay Rayon Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərə bəraət verilib.
Hacı Zeynalov