Xəzər Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan 136 nömrəli tam orta məktəbin sabiq direktoru Lütfiyyə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları zamanı məlum olub ki, R.Sadıqov adına Bakı şəhəri, 136 nömrəli tam orta məktəbin direktoru Lütfiyyə Qasımova vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaradıb və dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul alıb.
Məlumata görə, direktor məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Lütfiyyə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 7-nə təyin edilib.
Hacı Zeynalov