Sumqayıt Apelyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Mübariz Əsədov və onun əmisi oğlu Rafiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mübariz Əsədov 13 yanvar 2014-cü il tarixdə qohumu Rafiq Əsədov ilə cinayət əlaqəsinə girərək quldurluq cinayəti törədiblər.
Onlar həmin gün saat 23:50 radələrində Sumqayıt şəhər sakini Vasif Babayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Üzeyir Hacıbəyov” abidəsinin yaxınlığında sərnişin qismində əyləşiblər. Qohumlar taksi sürücüsünü müxtəlif yerlərə sürdürüblər və daja sonra “Dəniz” restoranının qarşısına gəliblər. Onlar orada bıçağı Vasif Babayevi boğazına dirəyərək 12 manatını ələ keçiriblər.
Mübariz Əsədov yanvarın 14-də Rafiq Əsədovla birlikdə digər taksi sürücüsü Taleh Adıgözəlova qarşı quldurluq ediblər. Onlar həmin gün, saat 05:00 radələrində Taleh Adıgözəlovun idarə etdiyi “VAZ-211174” markalı avtomobilə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “İntermed” diaqnostika mərkəzinin yaxınlığından sərnişin qismində əyləşiblər. Hər iki qohumlar maşını Corat qəsəbəsinə sürdürərək dəniz kənarındakı Sahil küçəsinin yaxınlığında Taleh Adıgözəlovun 50 manatını əlindən alıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Əsədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Mübariz Əsədovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib. Buna görə də Mübariz Əsədovun barəsində ixtisaslaşdırılmış psixiatriya stansionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Mübariz Əsədovun barəsində olan hökmün ləğv edilməsini, onun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Teymur Əsədov bildirib ki, apelyasiya protestini müdafiə edib: “İş üzrə keçirilmiş stasionar məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ziddiyyətli və natamam olub. Mübariz Əsədovun Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunması və onun barəsində cinayət işi üzrə icraatın dayandırılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş edirəm”.
Təqsirləndirilən şəxsin vəkili Tahir Abbasov müdafiə etdiyi şəxsin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanılmasını istəyib. Qərara görə, prokurorluğun protesti qismən təmin edilib və Mübariz Əsədovun barəsində çıxarılan qərar ləğv edilib. Məhkəmə onun barəsində 10 il müddətinə ittiham hökmü çıxarıb.
Hacı Zeynalov