Sumqayıt Apelyasiya Məhkəməsində qətl hadisəsində təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağakərim Abdullayevin məhkəməsi başa çatıb. İttihama görə, 2011-ci ilin sentyabrın 22-də, axşam saat 17.30 radələrində Köhnə Corat qəsəbəsində şəxsi münasibətlərin aydınlaşdırılması zəminində Ağakərim Abdullayev Qubadlı rayon sakini Əbülfət Şıxəliyevə bıçaq zərbələri vuraraq onu qətlə yetirib. Həmin gecə onu 1-ci polis bölməsinin əməkdaşları saxlayıblar.
Ağakərim Abdullayev həmin gün bir nəfər tanışı ilə taksidə Corata, 389 nömrəli aptekin qarşısına gəlib. Sürücüyə pul verərkən məbləğlə əlaqədar əvvəlcə aralarında narazılıq yaranıb, amma sonra anlaşılmazlıq həll edilib. Aptekin qarşısından keçəndə orda dayanan tanımadığı şəxslərdən biri ünvanına söyüş söyüb. Ağakərim ondan nə üçün söyüş söydüyünü soruşduqda, Əbülfət Şıxəliyev “taksi sürücüsünə atdığına görə söyürəm” deyib. Cavab olaraq Abdullayev “söhbəti bilmədən söyüş söymə” söyləyib və onu əli ilə sinəsindən itələyib.
Əbülfət Şıxəliyev valideyn söyüşü işlədib, yerdən taxta parçası götürüb və onun üstünə yeriyib, Ağakərim isə şalvarının belindən açılıb-qatlanan bıçağı çıxarıb və zərbə vurub.
Əbülfət yerdən götürdüyü daşı ona tərəf atmaq istəyib, Ağakərim isə onun əlinin altından keçərək zərbədən yayınıb. Sonra bıçaqla Əbülfətin sağ qol nahiyəsinə xəsarət yetirib. Hadisə yerində olan 5-6 nəfər onları ayırıb, Ağakərim əlində bıçaq evinə tərəf qaçıb.
Şoka düşdüyündən tutduğu aləti gizlətmək üçün münasib yer axtarıb. Ətrafa diqqətlə baxıb, bıçağı hasarda olan rezin borunun içərisinə qoyub. Təxminən 25-30 dəqiqədən sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb. Bölmədə olarkən Əbülfət Şıxəliyevin xəstəxanada artıq öldüyünü eşidib.
Məhkəmələrdə sürünən cinayət işi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il 11 ay 29 gün azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ili həbsxanada, qalan 10 il 11 ay 29 gününü isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qət olunub. Təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayətinə 2012-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb və şikayət təmin edilməyib.
Bundan sonra müdafiə tərəfi Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə 2014-cü il yanvarın 14-də Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.
Həmin il apelyasiya instansiyasında işə baxan hakim heyəti Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib. Qərara görə, Ağakərim Abdullayevin cəzası 11 ilə endirilib. 2015-ci ilin yanvarın 15-də Ali Məhkəmədə işə baxan hakimlər yenə də Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul ediblər. Cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib. Bu dəfə işə hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb.
“Atama, anama söydü”
Təqsirləndirilən şəxs qismində ifadə verən Ağakərim Abdullayev bildirib ki, 22 sentyabr 2011-ci il tarixdə, saat 17 radələrində taksiyə əyləşib və Corat qəsəbəsi ərazisində olan aptekin qarşısına gəlib: “Taksi sürücüsünə pulu verəndə məbləğlə əlaqədar aramızda əvvəlcə narazılıq yarandı. Amma öz aramızda narazılığı həll etdik. Adı sonradan mənə məlum olan Əbülfət Şıxəliyev irad bildirdi. Buna görə də aramızda mübahisə yarandı.
Mübahisə zamanı Əbülfət ata-anamın ünvanına nalayiq küçə söyüşləri söydü, yerdən taxta götürüb üstümə gəlməyə başladı. Bunu görəndə üstümdə gəzdirdiyi açılıb-qatlanan cib bıçağını çıxararaq əlimdə hazır tutdum. Əbülfət taxtanı mənə tərəf atdı. Əyildiyimə görə taxta yanımdan keçdi. Bundan sonra Əbülfət əli ilə kürək nahiyəmdən, köynəyimdən tutdu.
Həmin vaxt Əbülfətin əlindən çıxmaq üçün ona tərəf çevrildim, bıçaqla onun hansısa bir nahiyəsindən vurmaq istədim. Bıçaq Əbülfətin sol qol nahiyəsindən dəyəndə məni buraxdı. Dəqiq xatırlamıram, bundan sonra Əbülfətə ardıcıl olaraq təxminən 1-2 bıçaq zərbəsi də vuraraq xəsarət yetirdim. O, yerdən daş götürərək məni vurmaq istədi, ancaq əlinin altından keçdim və bu səbəbdən daş mənə dəymədi. Zərbədən yayındıqdan sonra bıçaqla Əbülfətin sağ qol nahiyəsinə yaxın yerdən vurdum. Bıçağı geri çəkəndə Əbülfətin yarasından qan axırdı.
Hadisə vaxtı orada 5-6 adam vardı, onların Əbülfətin tanışları, yoxsa qəsəbə sakinləri olduğunu bilməmişəm. Onlar bizim aramıza girərək aralaşdırmağa, sakitləşdirməyə çalışırdılar. Əbülfəti sağ qolundan vurandan sonra da o, üstümə gəlməyə davam etdi. Amma onun yarasından qan axdığını gördüyüm üçün evimizə tərəf qaçdım".
“Həkimlər Əbülfətin öldüyünü söylədilər”
Şahid Kalam Əliyev bildirib ki, sentyabrın 22-də, saat 17.20 radələrində Əbülfət və Məhəmmədlə birlikdə tikintidə işi qurtarıb yaxınlıqdakı aptekin qarşısına gəliblər: “İş yoldaşımız Bəhmən işini tamamlamamışdı, evə birlikdə getmək üçün onu gözləyirdik. Bu vaxt aptekin qarşısında bir taksi dayandı, maşından iki nəfər tanımadığım cavan oğlan düşdü. Onlardan sürücüyə pul uzatdı, pul az olduğu üçün onların arasında qısa sözləşmə oldu.
Sonra həmin oğlanlar taksidən aralanaraq məhəlləyə getdilər. Taksi tərpənməyə hazırlaşanda Əbülfət oturduğu yerdə sürücüdən soruşdu ki, sən bizim Qubadlı rayonundakı qonşu kənddən deyilsən? Onlar söhbətləşdilər və taksi sürücüsü maşınını sürüb uzaqlaşdı. Az sonra taksidən düşmüş oğlanlar geri qayıdaraq dayandığımız istiqamətə gəlməyə başladılar. Qarşımızdan keçəndə Əbülfət onlara müraciətlə dedi ki, belə eləmək olmaz, yaşlı adamı incitməzlər, taksiyə minmisənsə, pulunu vermək lazımdır.
Əbülfət bunu deyəndə taksi sürücüsünə pul verən oğlan ona nə isə cavab verdi. Amma Əbülfət cavabı başa düşmədi. Oğlanın cavabından sonra Əbülfət oturduğu yerdən duraraq həmin oğlana bir təkrar dedi ki, belə etmək olmaz. Onlar arasında 1-2 dəqiqəlik bu mövzuda sözlü mübahisə oldu. Mübahisənin gedişatında oğlan gözlənilmədən bıçaq çıxardı. Bütün bunlar sanki bir göz qırpımında baş verdiyindən oğlanın bıçağı haradan, necə çıxardığını görməmişəm.
Oğlan bıçaqla Əbülfəti vurmaq istədi. Əbülfət sol qolunu qabağa verdiyinə görə zərbə onun qolunu yaraladı, sonra bıçaq Əbülfətin sağ qoluna yaxın sinədən tutdu. O, xəsarəti yetirdikdən sonra əlində bıçaq qaçaraq getdi.
Məhəmməd, səs-küyə tikintinin içərisindən çıxaraq yanımıza gələn Bəhmən və tanımadığım bir nəfər Əbülfəti Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına apardıq. Xəstəxanaya çatdırdıqdan sonra həkimlər Əbülfəti müayinə etdi və artıq onun öldüyünü söylədilər".
Tərəfləri dinləyən hakim heyəti sonda yeni qərar açıqlayıb. Qərara görə, Ağakərim Abdullayevə 11 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Hacı Zeynalov