3 Noyabr 2015 15:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il Xalidə İsgəndoravının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il sentyabrın 1-də, Babək prospekti, ev17-də baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Qeyd edək ki, sentyabr ayının 1-də Füzuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb. Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. İlkin məlumata görə, qatil maskada olub. O, qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib.

Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verib. Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Xatırladaq ki, ötən il avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edib.
Hakim Əfqan Hacıyevin sərdliyi keçirilən prosesdə ötən məhkəmə iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı təqsirləndirilən şəxsin vəkilinin vəsatətinə dövlət ittihamçısı münasibət bildirib.

Dövlət ittihamçısı çıxış edərək qaldırılan vəsatəti əsassız olduğunu bildirib. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçə saatlıq müşavirədən qayıdan hakimlər müdafiə tərəfinin vəsatətini təmin edilib.

Kobud qayda pozuntularının qeydə alınmasına görə, iş istintaqa qaytarılıb. Həbs qəti-imkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov


Müəllif: