17 Noyabr 2015 11:00
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə ağır qəza törədən şəxsə 5 il 6 ay cəza təyin etdi

Yol qəzası törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1980-ci il təvəllüdlü Şaiq Əhmədovun cinayət işi üzrə apelyasiya prosesi başa çatıb.

Şaiq Əhmədov 12 oktyabr 2014-cü il tarixdə saat 17.00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ-21099" markalı avtomobillə Mingəçevir şəhərinin A.S.Puşkin küçəsi ilə H.Əliyev prospekti istiqamətində idarə edərkən yol hərəkəti qaydasını pozub. O, yolu keçmək istəyən 2005-ci il təvəllüdlü 4-cü sinif şagirdi Rəsul Rəsulovu vurub.

Uşaq xəstəxanaya yerləşdirilsə də, iki gün sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ölüb.
Şaiq Əhmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaiq Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan ev dustaqlığı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hökmdən narazı qalan Şaiq Əhmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Şaiq Əhmədovun vəkili Paşa Ömərov bildirib ki, təyin edilmiş cəza ağırlığına görə məhkumun şəxsiyyətinə uyğun deyil: “Bu səbəbdən məhkəmənin hökmü ləğv edilməli və işin faktiki hallarına uyğun, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, müdafiə etdiyim şəxs barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi haqda qərar qəbul edilməlidir.

İş materiallarından görünür ki, Şaiq Əhmədov özünü cinayətin törədilməsində tam təqsirli bilib. Məhkəmə istintaqı zamanı müvəkkilimin şəxsiyyətini səciyyələndirən hallar, yəni ilk dəfə ehtiyatsızlıqdan ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olması, zərərçəkmişin valideyni ilə barışması, mərhumun yas mərasimində iştirak edərək, maddi yardım göstərməsi, hərəkətlərindən səmimi peşimançılıq hissi keçirməsi, cəzanı ağırlaşdıran halların olmaması kimi xüsusatlara hüquqi qiymət verilməyib. Nəticədə məhkuma ağır cəza təyin edilib".

Vəkil çıxışı zamanı həmçinin bildirib ki, müdafiə etdiyi şəxs barəsində olan hökm ləğv edilməlidir.
Dövlət ittihamçısı Rəhim Xudiyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib. O, apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: