28 Dekabr 2015 12:34
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədovun barəsində seçilmiş həbs qəti imkan tədbiri ilə əlaqədar verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Binəqədi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb. Məhkəmə Maşallah Əhmədovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin alternativ qəti imkan tədbiri ilə dəyişdirilməsi barədə şikayəti təmin etməyib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində “Neftçi”nin keçmiş futbolçusu barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Maşallah Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Hacı Zeynalov


Müəllif: