30 Dekabr 2015 11:42
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan 1978-ci il təvəllüdlü Ağdərə rayon sakini Zöhrab Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttihama görə, Zöhrab Ağayev Bərdənin Balaqəcər kənd sakini Ələsgər Qurbanovu rayon məktəblərinin birinə hərbi hazırlıq fənni üzrə müəllim düzəldəcəyini vəd edib. O, zərərçəkmişdən 20 aprel 2015-ci il tarixdə 500 manat, 25 aprel 2015-ci il tarixdə də eyni məbləğdə pul alıb.

Zöhrab Ağayev Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Cinayət işi Bərdə Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Ağayev ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, “El həkimi” qəzetinin təsisçisidir: “Ələsgər Qurbanovu qızı Dilarənin vasitəsi ilə tanımışam. Dilarə mənim qəzetimin baş redaktoru olub. Ələsgər Qurbanovla heç bir ədavətim və düşmənçiliyim olmayıb. Həmişə işçimin atası olaraq ona hörmət bəsləmişəm. Ondan nə pul almışam, nə də onu işə düzəldəcəyim barədə vəd vermişəm”.

“Məni şərləmək istəyir”

Zöhrab Ağayevin sözlərinə görə, Ələsgər Qurbanovun onunla ədavəti silah üstündə olub: “Ələsgərin qızı Dilarə qəzetimdə işləyəndə hədiyyə olaraq mənə ov tüfəngi vermişdi. Həmin tüfəngin sənədləri yox idi. Buna görə də silahı Bərdə rayon polis şöbəsinə təhvil verdim. Bundan sonra Dilarənin atası məndən tüfəng üçün əvvəlcə 500, sonra isə 300 manat pul istədi.

Tüfəngin həqiqətən Ələsgərə məxsus olduğunu təsdiq etmək üçün işçimə 280 manat verərək Ələsgərin yanına göndərdim, bu barədə polisə də məlumat verdim. Hazırda o, həmin tüfənglə bağlı mübahisəyə görə məni şərləmək istəyir. Ondan heç vaxt işə düzəltmək adı ilə pul almamışam".

Zərərçəkmiş şəxs qismində dindirilən Ələsgər Qurbanov bildirib ki, 2000-ci ildən 2001-ci ilə kimi Bərdə şəhər 4 saylı orta məktəbdə hərbi hazırlıq və idman müəllimi işləyib: “Qızım Dilarə 2014-ci ilin axırlarından 2015-ci ilin mart ayına kimi ”El həkimi" qəzetində redaktor vəzifəsində işlədiyi üçün qəzetin təsisçisi Zöhrab Ağayevi tanımışam. İşimə bərpa olunmaq üçün 2015-ci ilin mart ayının axırları Bərdə rayon təhsil şöbəsinə müraciət etmişəm.

Həmin vaxtlarda Zöhrab qızıma bildirmişdi ki, ona ov tüfəngi lazımdır. Dilarə bizdə ov tüfəngi olduğunu demişdi. Zöhrab da qızımdan xahiş eləmişdi ki, həmin silahı bir neçə günlüyünə ona verək. Silahı bir neçə günlüyə istədiyi üçün ona verdim. Bundan sonra Dilarənin iş yerinə getdim ki, silahı geri götürüm. Zöhrabla görüşdüm, söhbət zamanı yenidən işimə qayıtmaq istədiyimi bildirdim.

Bu zaman Zöhrab Bərdə Rayon İcra Hakimiyyəti başçısının onun qohumu olduğunu bildirərək işə düzəlməyimə kömək etmək imkanı olduğunu, lakin bunun üçün 1000 manat verəcəyimi bildirdi. Həmin pulu bir ay müddətinə çatdırmağa söz verdim".

“Pulu təklikdə vermişəm”

Zərərçəkmişin sözlərinə görə, 2015-ci il aprel ayının 20-dən sonra 500 manat Zöhraba işlədiyi binada öz otağında ona verib: “Pulu verən vaxt Zöhrab otaqda olan işçiləri çölə çıxardı, pulu ona təklikdə verdim. Qalan 500 manatı isə təxminən 5-6 gündən sonra yenə həmin yerdə verdim.

Təxminən 4-5 gün sonra Zöhraba zəng etdim. Telefona cavab vermədiyi üçün onun iş yerinə getdim. Görüşdük, işimin alınıb-alınmadığını soruşdum, eyni zamanda, ondan silahı da geri istədim. Zöhrab həmin günün axşamı silahı qaytaracağına və işimi də düzəldəcəyinə söz verdi.

Axşamı Zöhrabı gözləsəm də, o, gəlmədi. Ertəsi gün həyat yoldaşım Çinarənin telefonu ilə Zöhraba zəng edərək niyə bizi aldatdığını soruşdum. Zöhrab isə sabah üçün gələcəyini bildirdi. Hətta həyat yoldaşım oğlum Pünhanla birlikdə Zöhrabın iş yerinə də getdilər. Bundan sonra özüm də Zöhrabın işlədiyi yerə yollandım. Lakin heç kimi tapmadım. Zöhrab müxtəlif bəhanələr gətirərək nə pulumu, nə də silahımı qaytardı".

“Təklif etdi ki, silahı 200 manata satım”

Ələsgər Qurbanov bildirib ki, mayın 4-də, saat 16 radələrində Zöhrab onun evinə zəng edərək, silahı Bərdə şəhəri idman kompleksinin qarşısından işçisi Sarvan adlı şəxsdən götürməyi təklif edib: “Oğlum Pünhan və həyat yoldaşım Çinarə ilə birlikdə özümə məxsus avtomobillə Zöhrabın dediyi yerə getdim. Orada yolun əks tərəfində duran ”VAZ-2115" markalı avtomobilin qarşısında Sarvanın tək dayandığını gördüm. Oğlum Pünhanı göndərdim ki, silahı götürsün. Bu məqsədlə Pünhan Sarvanın yanına getdi.

Pünhan Sarvanla mənim olduğum yerə gəldilər. Sarvan təklif etdi ki, silahı 200 manata satım. Bu zaman əsəbləşdim, Zöhrabın harada olduğunu soruşdum, silahımı istədim. Həmin vaxtı polis əməkdaşları yaxınlaşaraq mənim şöbəyə getməli olduğumu dedilər.

Polis şöbəsində aydınlaşdırdılar ki, silah atamındır, heç bir alqı-satqı aşkar olunmayıb. Silahı götürərək yaşadığım evə getdim. Bundan sonra Zöhrab pulumu vermədiyi üçün şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdim".

Hakim cinayət işi üzrə adı keçən şahidləri dinləyəndən sonra hökmü elan edib. Zöhrab Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan Zöhrab Ağayev apelyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Zöhrab Ağayevin apelyasiya şikayəti üzrə dəlilləri dinləyən hakim kollegiyası sonda qərar açıqlayıb. Zöhrab Ağayevin apelyasiya şikayəti təmin edilib. Hakimlər onun barəsində olan Bərdə Rayon Məhkəməsinin hökmünü dəyişdiriblər. Ona 1500 manat dəyərində cərimə təyin edilib.

Zöhrab Ağayev məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər