5 Fevral 2016 11:22
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlərdən su mühərriki, qaz balonu, laqonda aparan, həm də çətənə yetişdirən şəxsin məhkəməsi başa çatdı

Oğurluqda, narkotik əkib-becərməkdə, satmaqda və digər cinayətlərdə ittiham olunan Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Razin Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Razin Teymurov ötən il aprelin 12-də saat 2 radələrində Rəhman Məmmədovun Şəki şəhərindəki evinə girib. Evdən hər birinin dəyəri 80 manat olan iki qaz balonu, dəyəri 25 və 15 manat olan su mühərrikləri, 10 manatlıq hidrafor aparatı aparıb.

Razin Teymurov növbəti cinayət əməlini həmin il aprelin 20-də törədib. Gecə saat 2.00-da Gözdən Əlillər Cəmiyyətinin həyətində olan mebel sexinə girib. Oradan Nurməmməd İbrahimxəlilova məxsus 20 manat dəyərində bir laqonda, 20 manat dəyərində bir burğunu oğurlayıb.

Bundan başqa, Razin Teymurov satış məqsədilə istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı özündə saxlayıb. O, marixuanadan bir qismini 27 aprel 2015-ci il tarixdə Yevlax rayonu Xaldan dairəsində “Elçin” adlı şəxsə satmaq barədə razılığa gəlib. Daha sonra Xaldan qəsəbəsində başqa bir nəfərdən 3 ədəd kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,648 qram, 0,779 qram və 0,131 qram tiryəkdən kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq əldə edib.

Razin Teymurov həmin gün Şəki şəhərinə gəlib və saat 12.50-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saxlanılıb. Polis şöbəsinə gətirilərək, üstünə baxış keçirilib. Baxış zamanı Razin Teymurovun əynindəki gödəkcəsinin sol yan cibindən heroin aşkar edilib.

Bundan sonra müəyyən olunub ki, Razin Teymurov 2014-cü il ərzində yaşadığı evin həyətində əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada xüsusi qulluq etməklə becərib. Aprelin 27-də saat 15.30-da Razin Teymurovun yaşadığı Şəki şəhəri, Şərbablar küçəsindəki evinə baxış keçirilib.

Baxış zamanı qanunsuz olaraq təkrarən dibçəkdə əkilib kultivasiya olunan, narkotik tərkibli 4 ədəd çətənə (kannabis) bitkisi, yataq otağından, çarpayının altından sellofan torbada təmiz çəkisi 401,58 qram olan qurudulmuş marixuana aşkar edilib.

Razin Teymurov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü (təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama), 237.2.2-ci (qanunsuz olaraq təkrar tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Razin Teymurov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin narkomaniyada əziyyət çəkdiyi üçün onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan Razin Teymurov apelyasiya şikayəti verib. Şikayət Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Razin Teymurov apelyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü sərt və ədalətsiz hesab edib: “Məhkəmə göstərilən ittihamlara düzgün yanaşmayıb və mənim söylədiyim dəlillərə məhəl qoymayıb. Hesab edirəm ki, barəmdə olan cinayət işinin ibtidai istintaqı zamanı kobud səhvlərə yol verilib, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlara əsaslandırılıb. Birinci instansiya məhkəməsi bu səhvləri aradan qaldırmağa çalışmayıb. Mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlara əsaslanaraq mənə qarşı ittiham hökmü çıxarılıb. Məhkəmədə verdiyim səmimi və azad ifadəm yox, istintaq zamanı hədə-qorxu və aldatma yolu ilə əldə edilən ilkin ifadəm mötəbər sübut hesab edilib.

Qeyd edirəm ki, Şəki Ağır Cinayətlər Məhkəməsi ittihamın sübut olunmasında yaranan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməli olduğu halda, qeyri-müəyyən səbəbdən bunu etməkdən çəkinib və ittiham tərəfinə olan mövqeyini açıq-aşkar nümayiş etdirib. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaqda çətinlik yarandıqda, onlar şübhəli sayılır və təqsirləndirilən şəxsin xeyrinə həll təfsir edilir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin bu cür yanaşması Azərbaycan Konstitusiyası, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsinin normalarına zidd olmaqla yanaşı, “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın nəzərdə tutulduğu hüquqların, xüsusilə də həmin müqavilənin 6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə araşdırması hüququnun kobud pozuntuları ilə müşayiət olunan məhkəmə baxışı əsasında qəbul edilib.

Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edilməsini və mənə Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.2.2-ci maddələri ilə məhkum edilməyimə dair hökmün ləğv edilməsini istəyirəm".

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, onun ittiham olunduğu cinayət işi üzrə barəsində Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzanın sınaq müddəti təyin edilsin.

Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Vidadi Cabbarov hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib.

Tərəfləri dinləyən hakim kollegiyası sonda Razin Teymurovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər