Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Namiq Nəsibov məhkəmədən çıxış üçün vaxt istəyib. Məhkəmə Namiq Nəsibova çıxışa hazırlaşmaq üçün əlavə vaxt verib.
Elnur Ələkbərov isə məhkəmə istintaqın yenilənməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Namiq Nəsibovun 17 il, Elnur Ələkbərovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq, yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Hacı Zeynalov