10 Mart 2016 18:59
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində 1967-ci il təvəllüdlü Yardımlı rayon sakini Tərlan Ağayevin məhkəmə prosesi başa çatıb. İttihama görə, 2014-cü ilin iyunun 3-də Tərlan Ağayev Nabat Səfərovanı döyüb. Hadisə Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi Ramil Hüseynovun xidməti otağında qeydə alınıb.

Tərlan Ağayev heç bir əsaslı səbəb olmadan əvvəllər tanımadığı və münasibəti olmadığı Nabat Səfərovanı nalayiq ifadələrlə söyərək yumruqla vurub. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunan Tərlan Ağayevin Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə günahsız olduğu sübuta yetirilib və ona bəraət verilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Tərlan Ağayevin həbsini istəyib. Prokurorluğun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
İş hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan Ağayev bildirib ki, Tahirə Ağayeva onun bacısı, Nabat Səfərova isə Tahirənin qonşusudur: “Tahirə ilə Nabat arasında qonşu münaqişəsi olduğundan Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə müvəkkili Ramil Hüseynov Tahirə və Nabatın ailəsini polis bölməsinə çağırmışdı. Tahirəni iyunun 3-də, saat 16 radələrində sahə müvəkkili Ramil Hüseynovun otağına apardım.

Otaqda sonradan tanıdığım Nabat, Nabatın gəlini Tubu, Xudu adlı şəxs və sahə müvvəkili Ramil Hüseynov vardı. Nabatın qızı Təhminə isə otağın qapısının ağzında telefonla danışırdı. Sahə müvəkkili Ramil Hüseynov mənimlə söhbət edərək qonşuları barışdırmağı təklif etdi. Nabat öz yerinə də, qızının yerinə də üzr istəyəcəyini dedi.

Nabata Təhminənin özünün gəlib üzr istəməli olduğunu bildirdim. Nabat isə qızının Tahirədən üzr istəməyəcəyini dedi. Həmin an Təhminə otağa girərək “niyə mənim söhbətimi edirsiz” dedi, mənə nalayiq söyüşlər söydü".

Təqsirləndirilən şəxs qeyd edib ki, Təhminənin söyüşlərindən əsəbləşib: “Ayağa durub Təhminəyə dedim ki, sən Dubay qızısan. Onun üstünə getmək istədikdə sahə müvəkkili Ramil Hüseynov məni sakitləşdirdi, sonra da otaqdan çölə çıxartdı. Bu zaman bölmənin rəis müavini Kənan yaxınlaşaraq məni xidməti otağına apardı. Hadisə vaxtı sahə müvəkkilinin otağında dava-dalaş olmayıb. Yalnız söz mübahisəsi eləmişik. Nabat Səfərovanı və başa kimisə vurmamışam”.

Nabat Səfərovanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində 2-ci mikrorayonda yaşayır, Tahirə Ağayeva onun qonşusudur: “Son dövrlər qızım Təhminə ilə Tahirənin arası dəyib. Təhminə saxladığı iti yaşadıqları binanın qarşısındakı oturacağın üstünə çıxararkən Tahirə qızıma sataşıb və münaqişə yaranıb. Həmin münaqişədən sonra mənim və ailə üzvlərimin də Tahirə ilə münasibəti pisləşdi.
Aramızda baş vermiş münaqişəyə dair Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsində təhqiqat aparıldı və İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə qərar qəbul edildi.

4-cü polis bölməsinin sahə rəisi Ramil Hüseynov bizi həmin münaqişə ilə bağlı xidməti otağına dəvət etdi. Buna görə də iyunun 3-də, saat 16 radələrində qızım Təhminə, gəlinim Tubu ilə birlikdə Ramil Hüseynovun xidməti otağına getdik. Təxminən 1 saatdan sonra Tahirə qardaşı Tərlanla ora gəldi. Həmin vaxt Təhminə qapının ağzında telefonla danışırdı. Tərlan otağa girərək stulda əyləşən kimi bildirdi ki, mən sizin kimi qadınları qorumaqdan ötrü “Qarabağ” döyüşlərində yaralanıb əlil olmuşam. Mən də ona bildirdin ki, ay bala, qanı qanla yumazlar, mən sənin bacın Tahirə ilə qonşuyam, Tahirə ilə münaqişəni davam etdirmək niyyətim yoxdur, mehriban olmayıq, mən bacından olanlara görə üzr istəyirəm.

Lakin Tərlan mənim yox, qızım Təhminənin üzr istəməli olduğunu bildirdi. Həmin vaxt Təhminə otağa daxil olub söylədi ki, niyə mehriban danışıb ondan üzr istəyirsən. Bu vaxt Tərlan qəfildən “sən Dubay qadınısan, sənin qızın da Dubay qızıdır” deyərək küçə söyüşləri ilə bizi söydü.

Təhminə də cavabında Tərlana bildirdi ki, Dubay qızı sənin nəslindəki qızlardır. Tərlan ayağa qalxaraq nalayiq ifadələr işlətməklə Təhminənin üstünə getmək istədi. Mən Tərlanın qarşısını kəsdim, bu zaman Tərlanın Təhminəyə atdığı yumruq zərbəsi sağ çiynimə dəydi. Otaqda baş vermiş qarşıdurmanı görən Ramil Hüseynov bizə yaxınlaşdı və Tərlanı otaqdan çıxararaq qapını bağladı. Bundan sonra evə gəldik. Evə çatan kimi halım pisləşdiyi üçün təcili tibbi yardım çağırdım".

Prosesdə çıxış edən dövlət ittihamçısı Teymur Əsədov bildirib ki, ibtidai istintaq zamanı Tərlan Ağayevin Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə təyin olunmuş məhkəmə-tibb ekspertizasının rəyi və işin digər halları ilə tam sübuta yetirilib. Onun sözlərinə görə, məhkəmə zərərçəkmiş şəxsin, şahidlər Təhminə Hüseynova, Tubu Eyvazova və Camal Mehdiyevin ifadələrini mötəbər hesab etmədiyi halda, hansı səbəbdən təqsirləndirilən şəxsin və onun bacısı Tahirə Ağayevanın ifadələrini mötəbər hesab edib sübut növü kimi qəbul etdiyini hökmdə əsaslandırmayıb.

Dövlət ittihamçısının fikrincə, Tərlan Ağayevin qərəzli xuliqanlıq hərəkətləri nəticəsində 4-cü polis bölməsinin iş rejiminin 20 dəqiqə ərzində pozulması polis əməkdaşlarının ifadələrində öz əksini tapsa da, məhkəmə bu ifadələri nəzərə almayıb.

Prokuror çıxışının sonunda Tərlan Ağayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, nə prokurorluğun protesti, nə də zərərçəkmişin apelyasiya şikayəti təmin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər