Rusiyada naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülərək ağır xəsarətlər almış Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, göz cərrahı Emin Usubovun şəxsiyyəti ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Rusiyada, Bağqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində dünya şöhrətli göz cərrahı Emin Usubov vəhşicəsinə döyülüb.
12 illik iş stajına malik azərbaycanlı həkim hazırda reanimasiyadadır. Onu xəstəxanaya aprelin 18-dən 19-na keçən gecə çatdırıblar. Virtualaz.org xəbər verir ki, məlumatı Rusiya mətbuatı verib.
İstintaqın ilkin versiyasına görə, yüzlərlə insanın gözünü xilas etmiş dünya şöhrətli həkim axşam vaxtı evinə qayıdırmış. Gözlənilmədən bir neçə şəxs ona hücum edib. Hücum edənlər həkimi vəhşicəsinə döyüblər. Emin Usubovun çənə və almacıq sümükləri, burnu sınıb.
Həkim hələ ki özünə gələ bilməyib, Emin Usubova hücumun şahidləri yoxdur və bu amillər cinayətkarların axtarışını çətinləşdirir.
Zərərçəkənin yaxınlarının verdikləri məlumata görə, Emin əslən Salyan şəhərindəndir.Ufada 2012-ci ildən yaşayır.
Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitununda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb.
O, rus millətindən olan xanımla ailə qurub, 8 yaşlı bir qızı da var. İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmış Emin Usubov 4 patentin müəllifidir.
Həkim yoldaşları Emini həm də xeyirxah bir insan kimi tanıdıqlarını deyərək, onun kiməsə nədəsə pislik etdiyini ağıllarına gətirə bilmədiklərini bildiriblər.
Artıq həkimin Bakıda yaşayan valideynləri ağır vəziyyətdə olan övladlarının yanındadırlar.