Bakı Apelyasiya Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Teyyub Paşayevin barəsində cəzanın ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, 2012-ci ilin sentyabrın 4-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində qətl hadisəsi baş verib. Teyyub Paşayev doğma qardaşı Seyyub Paşayevə odlu silahdan atəş açıb. Ağır güllə yarası alan Seyyub Paşayev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Teyyub Paşayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 2 patron darağı və 14 ədəd patron götürülüb. Məlumata görə, Teyyub Paşayev kriminal avtoritetdir.
Teyyub Paşayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü ildə çıxardığı hökmə əsasən, Teyyub Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Məhkəmənin qərarına əsasən Teyyub Paşayevin 9 il cəzası 7 il 6 ay müddətinə endirilib.
Teyyub Paşayev onun həbsxanaya keçirilməsi barədə Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə ciddi rejimli cəza çəkmə müəssiəsində cəza çəkən Teyyub Paşayevin şikayətini təmin edib.
Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə Nizami Rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edib və prokurorluğun apelyasiya protesti təmin olunub. Məhkəmə qərarını aprelin 29-da açıqlayıb.
Qeyd edək ki, Teyyub Paşayevin kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevə yaxın olduğu bildirilir.
Hacı Zeynalov