Ötən il iyunun 28-də Bakıda məskunlaşan iş adamı –1969-cu il təvəllüdlü Füzuli rayon sakini Coşqun Məmmədovun mebel sexində ürək nahiyəsindən bıçaq xəsarəti almış meyiti aşkar olunub. Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, hadisədən bir ilə yaxın vaxt keçsə də, mərhumun yaxınları intihar versiyasına inanmırlar. Bildirirlər ki, Coşqun Məmmədovu sexdə bıçaqlayaraq öldürüblər.
Qardaşının qətlə yetirildiyini iddia edən mərhumun qardaşı Qoşqar Məmmədov bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. O, bildirib ki, Coşqun müəmmalı qaydada bıçaqla ürək nahiyəsindən xəsarət almaqla qətlə yetirilib: “Qətllə əlaqədar istintaq hərəkətləri və təyin olunmuş müvafiq ekspertizaların cavablarından narazılığımızı ifadə edirik. Cinayətin törədilməsində şübhələndiyimiz Cəlal adlı şəxsin atası Azad Füzuli rayonunda yaşayan yaxınlarına deyib ki, pul verməklə işi bağlatmışıq.
Qeyd edim ki, qardaşımın müəmmalı ölümündən keçən müddət ərzində istintaq heç bir müsbət nəticəyə gəlməyib, təyin olunmuş ekspertizaların işin gedişatına heç bir köməyi olmayıb. Cinayət işinin istintaqı Sabunçu rayon prokurorluğunun müstəntiqi Turan Abbasovun icraatındadır”.
“Qardaşımın intihar etməsinə inanmıram”
Qoşqar Məmmədovun sözlərinə görə, hadisə baş verən günü səhər sexdə sifarişçi Cəlal işçilərin yanında Coşqunu təhqir edib: “Əgər qardaşım intihar etmiş olardısa səbəbdə məhz odur. Cəlal mərhuma bildirib ki, bu gün mənim işim yekunlaşmasa səni maşının arxasına bağlayaraq Füzuliyə kimi sürüyüb orda başına sidik ifraz edəcəyəm. Qardaşım günorta Cəlal adlı şəxs və onun əmisi oğlu ilə birlikdə qanıqara vəziyyətdə Ramanıdakı sexə gəlib, az keçdikdən sonra bıçaqlanmış vəziyyətdə aşkar edilib.
Lakin mən qardaşımın intihar etməsinə inanmıram. Çünki onun ciddi bir çətinliyi yox idi, özünə qəsd üçün əsaslar mövcud deyildi. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi işin gedişatından narazıyam və hesab edirəm ki, Sabunçu rayon prokurorluğu cinayətin açılmamış qalmasına maraq nümayiş etdirir”.
Qoşqar Məmmədov şikayətinin sonunda baş prokuror Zakir Qaralovdan cinayətkarların tutularaq məsuliyyətə cəlb olunmasına dair göstəriş verməsini xahiş edib. O, şikayətində Sabunçu rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilməsini istəyib.
125-ci maddə
Zərərçəkmişin hüquqi varisi Qoşqar Məmmədovun nümayəndəsi, vəkil Səlahəddin Cəfərov Teleqraf.com-a bildirib ki, 28 iyun 2015-ci ildə, saat 17.00-da Coşqun Məmmədov döş qəfəsinin sol hissəsindən deşilmiş-kəsilmiş vəziyyətdə aşkar edilib: “Coşqun Məmmədov 3 saylı xəstəxanaya aparılıb, orda vəfat etməsi ilə bağlı cinayət işi toplanıb. 20 fevral 2016-cı ildə zərərçəkmiş şəxsin hüquqi varisilə birlikdə cinayət işi ilə tanış olarkən bir çox məsələlərin araşdırılmaması və müvafiq ekspertizaların təyin olunmaması, həmçinin ekspert qarşısında qoyulmuş sualların cinayət işinin obyektiv araşdırılmasına kifayət etməməsini gördük”.
Səlahəddin Cəfərov deyir ki, sübutlar olmasına baxmayaraq ölüm faktı üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə deyil, məhz Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb: “Qəsdən adam öldürmə fərziyyəsi ətrafında ümumiyyətlə istintaq hərəkətləri aparılmayıb. Özünü öldürən şəxsin paltarını əvvəlcədən soyunduqdan sonra bıçaqla özünə xəsarət yetirməsi istintaq üçün nədənsə maraqlı olmayıb. Müstəntiq israrla intihar versiyası üzrə istiqamət götürüb və cinayət işinin istintaqını da bu istiqamətdə aparıb.
Zərbənin xarakteri düzgün müəyyən edilməyib, şahidlərin hamısı dindirilməyib, ifadələr arasında ziddiyyətlər aradan qaldırılmayıb. Müstəntiqin və prosessual rəhbərliyi həyata keçirən prokurorun istintaqın tam, hərtərəfli və obyektiv aparılmasında maraqlarının olduğu qənaətinə gəlməyimə kifayət qədər əsaslar var”.
Ziddiyyətli ifadələr
Vəkilin sözlərinə görə, cinayət işinin 125-ci maddə ilə başlanması müəyyən məqsəddən xəbər verir. O, qeyd edib ki, şahid Cəmil Cəlilzadənin ilkin ifadəsi istintaq tərəfindən yetərincə qiymətləndirilməyib: “Həmçinin istintaq orqanı Cəmilin mərhumun bacısı oğlu olduğunu dəfələrlə bildirərək qərəzsiz hesab edib. Bu halda Coşqunla Mahirin girov saxlanılması hissəsinə, Cəlalın hadisə günü saat 11 radələrində Coşqunu təhqir edərək: “Axşamadək sifariş etdiyim mebel hazır olmasa səni maşının arxasına boğazından bağlayaraq Babı kəndinə (Füzulinin kəndidir-red.) qədər sürüyəcəm” kimi ifadələrinə loyal yanaşılıb.
Mərhumun tanışı Mahir ifadəsində bildirib ki, iyulun 28-də saat 16.00-da Coşqun ona zəng vurub və borca pul istəyib. Mahir isə Keşlədə sifariş götürdüyü evdə işlədiyini, onun özünün ora gəlməli olduğunu bildirib.
Lakin Cəlal və onun yoldaşı Ayaz ifadələrində bunun əksini bildiriblər. Onlar Mahirlə oturaraq kafedə yemək yediklərini deyiblər. İstintaq bu uyğunsuzluğu ortadan qaldırmayıb”.
Səlahəddin Cəfərov bildirib ki, Cəlal iyunun 28-də səhər tezdən hadisə baş verən yerə gəlməyini, sexdə olan digər şəxslər qarşısında Coşqunu təhqir etməsini gizlətməyə çalışır: “İstintaq cinayət işində qərəzsiz hesab etdiyi Cəlalın ifadəsinin bu hissəsinə əhəmiyyət verməyib”.
Vəkilin sözlərinə görə, hadisə yerində olan bıçaqdan həm mərhum Coşqundan, həmdə digər şəxslərdən əl barmağı izləri götürüb: “İstintaq 10 avqust 2015-ci ildə məhkəmə daktloskopik ekspertiza təyin edib, 13 avqust tarixində ekspertizaya təqdim olunub. Mərhum Coşqunun sağ və ya sol əl ovuc izləri ilə bıçaq üzərindəki izlərin ekspertiza eyniləşdirilməsinə təqdim olunmayıb.
İstintaq orqanı götürülmüş maddi sübutların düzgün qablaşdırmayıb, həmçinin ekspertizaya vaxtında təqdim olunmayıb. Özünü öldürmə qənaətinə gələrək cinayət işinə xitam verən istintaq nədənsə bıçağı mərhumun hansı əlində tutması və bıçağın kəsmə-deşmə istiqamətinin müəyyən olunması üçün ekspert qarşısında qoyulmuş suallar siyahısında həmin məqamları qeyd etməyib”.
Ölüm həddinə çatdırma və cinayət işinə xitam
Səlahəddin Cəfərov bildirib ki, məhkəmə-tibbi ekspertiza təyin edilərkən mərhumun özü-özünə xəsarət yetirmə uyğunluğu da yoxlanmayıb: “Tibbi ekspertiza xəsarətin özü-özünə və digər şəxslər tərəfindən yetirilməsi hallarına uyğun gəlməsi, həmçinin bıçaq üzərindəki izlərin eyniləşdirilməsi üçün yararsız olması barədə rəy verib. Amma istintaq qəti olaraq mərhumun intihar etməsi qənaəti üzərində qalıb.
Şahid Azad Hüseynzadə verdiyi ifadələrində bildirib ki, mərhum Coşquna və qardaşı Qoşqara zəng vurmayıb. Lakin Qoşqarla Azadın üzləşməsində və mərhuma məxsus telefon nömrələrinə dair çıxarışa baxanda Azadın yanlış ifadə verdiyi müəyyən olunub.
Azad Coşqunun bir çox insanlara borclu olduğu ilə bağlı ifadə verib. İstintaq isə bu kimi yanlış ifadələrə əsaslanaraq 15 yanvar 2016-cı il tarixli cinayət işinin xitam qərarında əsası olmayan ifadələri sübut hesab edib.
Mahir ifadəsində qeyd edib ki 25 iyul 2015-ci il tarixindən 26 iyul 2015 ci il tarixinə keçən gecə, saat 04.30 radələrində mərhumla birlikdə olub, Heydər Əliyev parkında çay içiblər. Lakin mobil antena məlumatları mərhumun telefon nömrəsini səhər 07.38 radələrinə kimi Yasamal rayonu, Şərifzadə küçəsi, 51 ünvanında olduğunu göstərir.
Şahid Ramin Abbasov ifadəsində göstərib ki, gecə mərhum Coşqun, Cəlal, Mahir birlikdə gediblər. Bu zaman şahid Mahir və Coşqunun yaxın metro ərazisində düşmək fikirlərində olduqlarını bildiriblər. İstintaq Mahirin “axşam bizi girov saxlamışdılar” kimi ifadəsi bu anlaşılmaz ifadələrlə öz təsdiqini tapmırmı? Göründüyü kimi Mahir ifadələrində bir çox faktları gizlədib. Amma bu göstərilən xüsusatlar araşdırılmayıb”.
Vəkilin sözlərinə görə, dəfələrlə istintaqa şıfahı, həmçinin 3 oktyabr 2015-ci il tarixdə yazılı vəsatət verib: “Vəsatətlərdə bildirdim ki Coşqun Məmmədovun ölümünə səbəb olan bilən hallar istintaq tərəfindən aydınlaşdırılmayıb və iş səthi aparılıb. Məhkəmə psixoloji ekspertiza qarşısında qoyulan suallar siyahısında Cəlalın bir neçə gün Coşqun Məmmədovu təzyiq altında saxlaması, hadisə baş verən günü səhər saatlarındı iş yoldaşları arasında təhqiramiz ifadələr söyləməsi daxil edilməyib”.
Müstəntiq: “Cinayətkar müəyyən olunmadı”
Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı Sabunçu rayon prokurorluğunun müstəntiqi Turan Abbasovla əlaqə saxlayıb.
Turan Abbasov bildirib ki, Coşqun Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Onun sözlərinə görə, Coşqun Məmmədovun qətlə yetirilməsi sübuta yetirilməyib: “İstintaq hərəkətləri aparılandan sonra özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanan cinayət işinə xitam vermişik. Adətən, intihar hadisələri ilə bağlı həmin maddə ilə cinayət işi başlanır. İstintaq hərəkətlərinin sonunda günahkar müəyyən olunmayanda cinayət işinə xitam verilir”.
Hacı Zeynalov