Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bulduğ kəndində qeydə alınıb.
Kənd sakini Teymur Dadaş Namazov aprelin 9-da, gecə saatlarında özünü yaşadığı evdə asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Dadaş Namazovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Deyilənə görə, Teymur Namazov Bakıda tikintilərdə fəhlə işləyirmiş. Paytaxtda ayrı-ayrı ünvanlarda kirayədə yaşayan Teymur Namazov mayın 9-də yaşadığı kəndə qayıdıb.
Həmin gün Teymurun arxasınca polis əməkdaşlarının gəldiyini, onun axtarıldığı deyilir. Bundan sonra onun intihar etdiyi bildirilir. İlkin ehtimala görə, Teymur paytaxtda cinayət törədibmiş. Polisə yaxalanmamaq üçün intihara əl atıb.
Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, son bir ayda Bulduğ kəndində bu ikinci intihar hadisəsidir. Aprelin 28-də kənd sakini, 1983-cü il təvəllüdlü Ruhid Məhərrəmov ov tüfəngi ilə başına atəş açaraq özünü öldürüb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Ruhid Məhərrəmov anası və həyat yoldaşı ilə birgə yaşayıb. Onun 2 uşaq atası olduğu bildirilir. Hadisədən əvvəl evdə ailə münaqişəsi zəminində mübahisə yaranıb və sonda Ruhid özünü öldürüb.
Hacı Zeynalov