19 İyun 2014 11:18
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə polisin dəlillərini alt-üst etdi

Ali Məhkəmə Gəncə Ağır Cinayətlər və Gəncə Apelyasiya məhkəmələrinin çıxardığı bir bəraət hökmünə baxıb və onu qüvvədə saxlayıb. Azərbaycan məhkəmə sistemində nadir hadisə sayıla bilən bu qərarın təfərrüatlarını təqdim edirik.

Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazov narkotik alverinə görə həbs edilib. İstintaq sənədlərinə görə, onun tutulması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları keçirib. Bayram Niyazov guya narkotik vasitə satarkən saxlanılıb.


İttihama görə, əməliyyat 25 iyun 2012-ci il tarixində keçirilib. Bayram Niyazov həmin gün Balakən rayonunun Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb. O, narkotik vasitə hesab olunan marixuananı Elşad Məsiyevlə birlikdə Gəncə şəhərinə gətirib. Həmin gün saat 17.00-da şərti alıcı olan Gəncə stansiyası xətt polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Qədirova 2159,78 qram narkotik vasitəni 3 min ABŞ dollarına satarkən həbs edilib.

Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Hal şahidləri ifşa edildi

Məhkəmə araşdırması zamanı Bayram Niyazovun uşaqlıqdan xəstə olması müəyyən olunub. O, daimi ürəkgetmədən və ruhi xəstəlikdən əziyyət çəkib. Məhkəmədə həmçinin Bayram Niyazovun şərlənərək həbs edildiyi aydınlaşıb. Onun vəkili iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun narkotik vasitələrlə bağlı çoxsaylı cinayət işlərində iştirak etdiklərini sübuta yetirib.

Vəkilin Gəncə şəhəri Nizami və Kəpəz rayon məhkəmələrinə, eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsindən aldığı sorğulardan məlum olub ki, ibtidai istintaq zamanı Bayram Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynov mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş axtarış və götürmə hərəkətləri zamanı hal şahidi qismində iştirak ediblər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işində hal şahidi olublar.

Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olduğu, başqa 5 rayonda da belə cinayət işlərində iştirak etdiyi üzə çıxıb. Eyni zamanda ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazov da tapılan narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir. Məhkəmə hökm elan edən zaman Bayram Niyazovun əməlində cinayət tərkibi görməyib.

Polisin təhrikçisinə cinayət işi başlanacaq

Məhkəmə Bayram Niyazovun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb. Hakimlər Bayram Niyazovun həbsində iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də Elşad Məsiyev və əməliyyatda iştirak edən əməliyyatçılar barəsində xüsusi qərardad çıxarılıb.

Hökmdən prokuror Rizvan Həsənov apelyasiya protesti verib. Prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və Bayram Niyazovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçən prosesdə prokurorun şikayəti təmin edilməyib.

Vəkil: “Məhkəmənin ədaləti günahsız insanların həbsinə imkan verməyəcək”

Məsələ ilə bağlı Bayram Niyazovun vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil qəzetimizə açıqlamasında dedi ki, istintaq zamanı Bayram Niyazovun günahsız olması ilə bağlı dəfələrlə vəsatət qaldırıb: “İstintaq orqanı şər-böhtan xarakteri daşıyan əməli həqiqət kimi qəbul edib və ruhi xəstə Bayram Niyazovu narkotik vasitələrin qanunsuz satışında təqsirli bilib. Lakin birinci məhkəmə instansiyasında Bayram Niyazovun əməli sübuta yetirilməyib. Buna görə də onun barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə Elşad Məsiyevin polis əməkdaşları ilə birgə işlədiyini sübuta yetirib. Buna görə də Elşad Məsiyev və polis əməkdaşlarının əməlinə hüquqi qiymət verilməlidir. Belə bir tədbir görüləndən sonra Bayram Niyazov kimi günahsız insanlar şərlənərək həbs edilməyəcək”.

Ceyhun Yusifov onu da əlavə etdi ki, prokuror Bayram Niyazovun həbs edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Onun sözlərinə görə, iyunun 18-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti rədd edilib.

Hacı


Müəllif: