20 May 2016 10:14
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əlizamin Əliyevin cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərardan verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, 2009-cu ilin iyun ayında Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, 1960-cı il təvəllüdlü Əlizamin Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək paytaxt Bakıda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər.

İlkin dindirilmə zamanı dindirilən Əlizamin Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu bildirib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 2009-cu ilin 8 sentyabr tarixli hökmü ilə Əlizamin Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün bu il Nizami Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə müğənninin qardaşının müraciətini təmin etməyib. Həmin qərardan narazı qalan Əlizamin Əliyev apelyasiya şikayəti verib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 23-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər