Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclası baş tutmamışdı. Buna səbəb Ruhin Allahverdiyev məhkəmə iclasında bildirmişdi ki, ona ittiham aktının verilməyib. Bu səbəbdən hazırlıq iclası təxirə salınmışdı.
İttihama görə, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər.
Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.
Hacı Zeynalov