Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda süni qiymət artımına görə saxlanılan “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra prosesdə “Alfa Med”in baş mühasibi işləmiş İrina Suyazova ifadə verib. O, bildirib ki, “Qrateziano” adlı dərmanın qiyməti Tarif Şurası tərəfindən təyin edilməyib və onlarda həmin dərmanın satış qiyməti 850 manat olub. Dərmanının satış qiymətini rəhbərlik təyin edib.
Prosesdə “Grand Hospital”ın həkimi Gülnarə Ağayeva şahid qismində ifadə verib. O bildirib ki, həmin dərman müalicəyə çox yaxşı təsir edib, yüksək keyfiyyətlidir. Digər şahid, həkim Faiq Məmmədzadə bildirib ki, həmin dərmanın Azərbaycana gətirilməsi müsbət addım idi.
Daha sonra prosesdə şirkətin operatoru Nübar Hüseynova, anbar müdiri Elmayıl Mirzəyev ifadə veriblər.
Məhkəmə prosesi iyunun 8-də davam edəcək.
Qeyd edək ki, bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.
Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunurlar.
Ə.Xudaverdiyev Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti vəzifəsini də tutub.
Hacı Zeynalov