8 İyun 2016 15:27
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il Seyran Seyidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki bu ilin yanvarın 4-də, saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilmiş və aldığı xəsarətdən orada vəfat edib.

Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.

”KİA” markalı avtomobilin sürücü Seyran Seyidov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Seyran Seyidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər