Qış belini yerə qoyan kimi riyaziyyat müəllimimizin tövşək, titrək səsi, nazik, nimdaş pencəyi, soyuqdan gömgöy və çapıq əlləri düşür yadıma. Və o səs, o əllər, o pencək yadıma düşən kimi ürəyimə dərin bir sıxıntı çökür. Müəllimimizin sözüdü: “Allah qışı pullularçün, yayı kasıblarçün icad eləyib”.
Sinfimizin bütün uşaqları onun nə demək istədiyini çox yaxşı başa düşürdü. Müəllimimiz o qədər doğru deyirdi ki, dərsin axırınacan partaların, lövhənin, təbaşirlərin, əlcəklərimizin, papaqlarımızın üstündə qəribə bir səssizlik dolaşırdı. Və mən bir də onu başa düşürdüm ki, müəllim niyə “Allah yaradıb” yox, “Allah icad eləyib” deyir. Ona görə ki, pencəyi nimdaş və nazik idi, soyuqdan tir-tir əsirdi. Ona görə ki, əlləri çapıq-çapıq idi. Çapıq idi, ona görə ki, məktəbdən sonra odun qırırdı, odun doğrayırdı, odun satırdı. Kim bilir, bəlkə də çılpaq palıd ağacını kəsəndə budaqlardakı qar pencəyinin boynundan belinə tökülürmüş. Nə desə, haqqı vardı. Lap ürəyi istəsə söyə də bilərdi. Bax, bu cür qarğış da edə bilərdi: allah kəssin qışı, yetim qalsın qış, əllərim qənim olsun qışa.
Elə bütün hikkəsini tökürdü “icad eləyib” sözünün üstünə. Başqa bir şey deməyə cürət eləmirdi. Çünki kənd göyünün üzündə ulduzlar yerə necə yaxın durursa, Allah da kənd adamlarının gözlərinin önündə eləcə dayanır. Riyaziyyat müəllimimiz bu sözü hər Allahın verən qışı deyirdi. Mənə elə gəlirdi ki, qabaqda əli qılınclı, əli çovğunlu, sırsıralı duran qış bəlkə də xoş, bəlkə də rahat keçərdi, amma müəllimimizin bu sözləri qışı yaman əsəbiləşdirirdi, yaman coşdururdu. Bəlkə də elə müəllimin bu sözünə görə ağır keçirdi bütün qışlarımız, bəlkə də müəllimimizin bu sözünə görə odun tapa bilmirdik.
Dünən Bakıya qar yağırdı. Pəncərədən yerə səpələnən ağappaq dənəcikləri görən kimi kənddə sıxıntılı günlərim yadıma düşdü. İsti corablarımın içində qəfildən ayaqlarım üşüdü. İlk dəfə idi ayaqlarım istidən üşüyürdü. İsti əllərim, isti köynəyim üşüdü, elə bil boynumdan belimə üzü aşağı qar töküldü. Buz kimi oldum. Tələsdim ki, kəndimizi xəyal edəm. Axı qar yağırdı, axı canımda üşümək vardı. İndi bizim həyətin göyərti yeri, bostan yeri, güllük yeri tamam qarın altındadı. İndi orda kəpənəklər də, yalançı sünbüllər də, evcik qurduğum fındıq yarpaqları da qarın altındadı. İndi orda – kəndimizdə mənim qaloşumun ayaq izləri də, yanaqlarımın qırmızılığı da, əllərimin torpaq cadarı da, uzun, upuzun, qıvrım saçlarım da, mavi güllü donum da qarın altındadı. İndi bir gözümün hər yerdə axtardığı o balaca, o uzaq, o seyrək kənddə mənim donan balaca əllərim, su keçirən botularda bürüşən ayaqlarım da qalıb qarın altında. Quşbaşı qarın altında. Mən o zamanlar körpə idim. İndi böyüyüb uşaq olmuşam. Və böyüyüb-böyüyüb, öləndən sonra belə bir gözüm o kənddən əl çəkməyəcək.