8 Avqust 2014 11:17
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" böyük ümidlərlə yollandığı səfər oyununda "Zalsburq"a yenilərək Çempionlar Liqası macərasını başa vurdu. Təəssüflənirik... Halbuki azarkeşlər komandamıza inanırdı, güvənirdi. Azərbaycan klub futbol tarixində bir neçə "ilk"ə imza atan "Qarabağ"ın bu dəfə də azarkeşlərinə və bütün azərbaycanlı futbolsevərlərə sevinc bəxş edəcəyinə inananların sayı o qədər çox idi ki...

Xüsusilə, son günlər cəbhə xəttindəki gərginliklərin fonunda Qarabağı, Ağdamı təmsil eləyən bir komandanın zəfər qazanacağı sıravi insanlardan tutmuş siyasilərə, azarkeşlərdən tutmuş futbol idarəçilərinə qədər hər kəs üçün əla əhvali-ruhiyyə olacaqdı.

Ancaq nə yazıq ki, hər şey hər zaman bizim istədiyimiz kimi olmur. Əslində oyunun çox çətin keçəcəyini hamımız dərk edirdik. Bilirdik ki, Avstriya səfəri eləcə gəzmək üçün getdiyimiz, əlimizi-qolumuzu sallayıb qələbə qazanacağımız bir səfər deyildi. Azərbaycanda oynanılan oyun, göstərilən mübarizə əzmi də ümidlərimizin artmasında ən əsas səbəblərdən biri idi.

Fəqət hər şey düşündüyümüz qədər də asan deyilmiş. Və biz bu oyunda bir daha bəzi prinsipial məqamları daha aydın gördük. Bəzi həqiqətlər bir daha çılpaqlığı ilə aydın oldu. Nə idi o həqiqətlər?

1. Klub futbolunda müəyyən hərəkətlənmə, dirçəliş, inkişafa meyl müşahidə olunsa da, bir daha gördük ki, biz hələ Çempionlar Liqası kimi bir turnirin play-off mərhələsi qalsın bir tərəfə, heç 3-cü turu üçün də yetərli gücə, təcrübəyə və səviyyəyə sahib deyilik.

2. Bizim üçün Qurban Qurbanov nisbətən cavan, perspektivli və enerjili mütəxəssis sayılsa da, Avropa səviyyəli turnirlərdə onun da ustalığının məhdudluğuna şahid olduq. Həm evdə, həm də səfərdə keçirilən matçda oyunçu dəyişikliyi zamanı elədiyi seçimlər, çətin zamanda doğru qərar verə bilməməsi və oyunun axarını dəyişəcək müdaxilə eləyə bilməməsi hələlik Qurbanovun daha böyük nailiyyətlər qazanmasına əngəl olur.
Görünür, Qurban Qurbanovun mütəxəssis olaraq hələ lazımi səviyyəyə çatması üçün uzun müddət çalışmalıdır. Yaxşı seleksiyaçı olmaq, yaxşı legionerləri komandaya cəlb eləmək hələ yaxşı baş məşqçi anlamına gəlmir.

3. "Qarabağ"ın baş məşqçisi də, rəhbərliyi də nə qədər iddia eləsələr ki, bu komanda bir oyunçudan asılı deyil, inanmaq olmur. Çünki "Zalsburq"la səfər oyununda Reynaldonun yoxluğu o qədər aydın hiss olunurdu ki, onun yoxluğundan az qala bütün mövqelər bir-birinə qarışmışdı. Komanda müdafiədən hücuma çıxmaqda ciddi çətinlik çəkir, irəli ucda top saxlaya bilmirdi.

Onsuz da ultra müdafiə taktikasını əsas tutan Qurbanovun komandası arada bir nəsə hərəkət eləmək istəsə də səviyyəli liderin yoxluğu bütün cəhdləri yarıda saxlayırdı. Vüqar Nadirov? Yox, qardaş, azərbaycanlı futbolçularla Avrokuboklarda nəyəsə nail olmaq istəyi aşırı optimizimdən başqa bir şey deyil.

Bizimkilərlə olmur bu iş. Baş rolda bizimkilərin çəkildiyi bir ssenari ancaq bu qədər uğurlu alına bilər.
Bəs indən belə nə olacaq? "Qarabağ" mübarizəsini UEFA Avropa Liqasının play-off turunda davam etdirəcək. Ancaq açıq danışmaq gərəksə, orda da təmsilçimizə asan olmayacaq. Potensial rəqiblər artıq məlumdur. O rəqiblərə qarşı bu komanda ilə oynamaq isə çox çətindir. Üstəlik Reynaldo cəzası səbəbindən play-offun ilk oyununu buraxmalı olacaq.

Nə deyək, gözləyək görək...


Müəllif: Zaur Xudiyev