7 May 13:00

Bəzən suallar çox olur. Özü də həddindən çox. Dəfələrlə suallara cavab olaraq yazılar yazmışam, fikir bildirmişəm.

Şəxsimlə bağlı suallar olub, var və olacaq yəqin ki. Onlara bir neçə dəfə cavab verib aydınlıq gətirmişəm, yenə də belə davam edəcəyəm.

Yaxud da dövlətin rəsmilərilə bağlı kimlərinsə sual kimi cəmiyyətə sırımaq istədiklərinə bir vətəndaş kimi aydınlıq gətirməyə – mövqeyimi anlatmağa çalışmışam.

Bütün bunları ona görə etmişəm və edirəm ki, ölkədə olmayan yerdən qarışıqlıq yaradıb bizi də İraq, Suriya girdabına sürükləmək istəyənlərin arzuları gözlərində qalsın. Yəni sayıq vətəndaş mövqeyi sərgiləməklə biz onların istəklərini beşiyində boğa bilərik və boğmalıyıq da.

Niyələr çoxdur. Suallar çoxdur. Bunları bir-bir cavablandırmaq zaman və enerji tələb edər. Heç bir bəşər övladı bütün suallara cavab verəcək qədər əzəmətli deyil, ola da bilməz.

Lakin elə suallar var ki, onlara biz də cavab verə bilərik. Verməliyik də. Çünki ağlı kəsən, gözü görən və zahirdəkinin altındakını anlayanın borcudur cəmiyyəti aydınlatmaq, bilgiləndirmək.

Uzun müddətdir Azərbaycan hakimiyyətinin ayrı-ayrı uğurlu və sadiq məmurları hədəfə alınır. Onlar haqqında olmazın iftiralar uydurulur, tirajlanır və bu şəxslərin cəmiyyət içində gözdən salınması üçün yəqin ki, böyük pullar xərclənir. Düzdür, bu cəhdlər hər zaman boşa çıxır. Amma “çamur at, yapışmasa da izi qalsın” prinsipiylə hərəkət edənlər yorulmur ki, yorulmur.

Bir dəfə belə məsələlərlə bağlı bir yazımda sual ünvanlamışdım və aydınlıq da gətirmişdim. Söhbət Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan gedirdi. “Niyə məhz Əli Həsənov?” sualını başlıq edib yazdığım yazıda izah etmişdim ki, səbəb sadədir: Əli Həsənov Heydər Əliyevdən bu yana Azərbaycan hakimiyyətinin ən sadiq yüksək rütbəli təmsilçilərindən biridir və ona etibar edilən sahəni ustalıqla idarə edir.

Elə o səbəbdəndir ki, indi də Əli Həsənov hədəfdədir. İlham Əliyev 11 apreldə xalqın etimadını təkrar qazandıqdan sonra əlləri hər yerdən üzülən əks cəbhə təmsilçiləri yenə də Əli Həsənovu hədəfə alıb. Yəqin, “bəlkə bu dəfə alındı” düşüncəsidir onlara ümid verən. Təbii ki, bu adamların əsas məqsədi və hədəfi Əli Həsənovun özü deyil. Onların əsas hədəfi ən bacarıqlı və ən sadiq məmurları gözdən salmaqla Prezidentin özünü zəiflətməkdir.

Prezidenti zəiflətmək üçün həm də onun ailəsini hədəf alır bu törə-adət bilməz ünsürlər!

Elə burda da sual oluna bilər ki, niyə məhz ailəsini?

Bu sualın cavabı olduqca sadədir. Sadəlik də Prezidentin xanımının, övladlarının hər kəsə örnək olacaq şəxsiyyətində gizlənib.

Azərbaycan Prezidentinin ailəsi nəinki ölkədə, dünyada örnək sayılacaq ailələrin önündə gedir. Bu ailə bütövdür, millidir, dövlətə və xalqa sadiqdir, bağlıdır.

Prezident İlham Əliyev həm də bir ailə başçısı kimi mükəmməldir. Onun, ailəsini bir Azərbaycan kişisi kimi milli ruhda idarə etməsi, eyni zamanda çağdaş çağırışlardan kənar tutmaması diqqətlərdən yayına bilməz.

Ailənin xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva isə həm həyat yoldaşı, həm 1-ci Xanım, həm də ana kimi örnək olacaq şəxsiyyətdir. O, sadəcə bu keyfiyyətlərilə deyil, həm də özünün yüksək səviyyəli ictimai-siyasi, humanitar fəaliyyətlərilə də diqqət çəkir. Özü də təkcə Azərbaycanda deyil, dünyanın hər tərəfində.

Mehriban Əliyeva kimi bir şəxsin İlham Əliyev kimi bir siyasi liderin ailəsinin xanımı olması onların birlikdə daha güclü olmasını şərtləndirir. Bu amili şərtləndirən məsələlər haqqında uzun-uzadı yazmaq olar və əminəm ki, cəmiyyətin hər bir üzvü mənim yazdıqlarımla razılaşar (təbii ki, gözünü qərəz örtənlər istisnadır).

Bu ailənin övladları da ata-anasına uyğun, üz ağardan gənclərimizdəndir. Ailənin böyük qızı Leyla gənc olmasına rəğmən yetərincə fəaldır, bir örnək kimi gənclərimizin önündə gedir. İstər ictimai-siyasi fəaliyyəti, istərsə də hətta ekoloji məsələlərə münasibəti bu gəncin məhz İlham və Mehriban ailəsinin layiqli üzvü olmasını şərtləndirir.

Eyni sözləri ailənin digər qızı Arzu haqqında da demək olar. O da həm ictimai fəaliyyəti, həm də layiqli davranışlarıyla ailənin örnək olmasına töhfə verməkdədir.

Ailənin sonbeşiyi olan kiçik Heydərsə hələ tələbədir, təhsil alır. Haqqında heç bir zaman mənfi fikir səslənmədi bu gəncin də. Yaxından tanıyanlar onu belə təsvir edir: sanki bir prezident oğlu deyil, sadə insanlardan biridir.

Yeri gəlmişkən, ataları kiçik bir vəzifə sahibinə çevrilən kimi cızığından çıxan gənclərin tərbiyələndirilməsi üçün ən yaxşı örnəkdir kiçik Heydər.

Bütün bunları bəlkə də yazmağa gərək yox idi. Amma yazıram. Çünki sosial media üzərindən prezidentin ailəsini hədəf alanların arzularını gözündə qoymaq bizim vəzifəmiz olmalıdır. Onlar dünya ölkələri prezidentlərinin ailələri arasında ən mükəmməl ailə olan Əliyevlər ailəsinin monolitliyini gözdən salmaq üçün nəinki ən adi qaydaları, hətta illərlə oturuşmuş milli normaları da ayaq altına atırlarsa, biz də bunu cavabsız buraxmamalıyıq. Vətəndaş olaraq, öz ölkəsinin təəssübünü çəkən insanlar olaraq.

İlham Əliyevin ailəsini gözdən salmaq kimə lazımdır? Nəyə lazımdır? Təbii ki, Azərbaycanı sevməyənlərə. Onlar ölkəmizə başçılıq edən şəxsin sadəcə siyasət adamı kimi mükəmməl olmasının yanında bir də ailə başçısı kimi mükəmməlliyini həzm edə bilmirlər. Ümumiyyətlə, dövlətin zirvəsindəki şəxsin belə bir ailəyə sahib olması onların özündən çıxmasına səbəb olur. Məhz bu səbəbdən də hər cür ədəb və əxlaq həddini aşaraq bu ailəni gözdən salmağa çalışırlar.

Bəzən o adamları qınaya da bilmirik. Neyləsinlər, yazıqlar ailə dəyərlərinin nə olduğunu hardan bilsinlər? Görməyiblər, yaşamayıblar belə ailələlərdə…

Sözardı: Prezidentin ailəsini hədəf alanlar sadəcə bu əməllə yetinmir, ümumiyyətlə Azərbaycanın ailə dəyərlərini gözdən salmağa çalışırlar. Ən acınacaqlısı da odur ki, bu ünsürlərin bu çalışmalarının əsl mahiyyətini anlamayıb onlara qoşulanlar da olur…


Müəllif: Azər Həsrət
Загрузка...