Mariya Svanidze Stalinlə bağlı yazırdı: “Onun tənhalığı heç kimin yadından çıxmır”.
Doğrudan da Stalin tənha adam idi.
Hər gün saat 11-12-yə kimi yuxudan qalxırdı.
Hətta müharibə illərində belə...
Çünki dan yeri söküləndə yatağa girirdi.
Yatağa deyəndə ki, əslində divana...
Həmişə divanda yatırdı.
Çarpayı ona yad idi.
Yuxudan oynanan kimi xüsusi poçtla göndərilən sənədləri oxuyurdu.
Kremlə gedib kabinetində bir neçə saat işləyir, sonra Politbüro üzvləri ilə filmlərə baxırdı.
Sonra isə onları Kremldən on kilometr uzaqda olan bağ evinə dəvət edirdi.
Orda hər cür naz-nemət düzülmüş süfrə Stalini və qonaqlarını gözləyirdi.
Dövlətin əsas işləri də bu qonaqlıqlarda həll olunurdu.
Bu qonaqlıqlara gedəndə belə Malenkov və Voznesenski bloknotlarını unutmurdular.
Yeyib-içməyin şirin yerində belə Stalinin ağzından çıxan şeyləri qeyd edirdilər.
Yeyib-içməkdən əvvəl isə qonaqlar əvvəlcə ayaqyoluna gedib ehtiyaclarını dəf edir, əllərini yuyurdular.
Və bu ayaqyolunda adətən ən səmimi, məhrəm sirrlər açılırdı.
Hakimiyyətinin son illərində büro üzvləri Stalini burda lağa qoymaqdan belə çəkinmirdilər.
Misal üçün Stalin sürgündə ikən 12 kəklik vurduğu barədə bürö üzvlərinə dəfələrlə danışmışdı.
Lakin ona silah verdikdə yoldaş Stalinin silahdan düzgün atəş aça bilmədiyini gördülər.
Əslində Stalinə silah da bu 12 kəklik əhvalatını yoxlamaq üçün verilmişdi.
İlk baxışdan çox məsum görünən bu ziyafət məmurlar üçün əsl işgəncə idi. Çünki bu ziyafətlər az qala hər gün olurdu və səhər saatlarına qədər davam edirdi.
Stalin əsl gürcü kimi qonaqları çox içməyə məcbur edirdi. Adətən, hamıdan çox içən və bunu gözəl bacaran Stalin ömrünün son illərində şəraba mineral su qatıb içirdi.
Çünki həkimi ona çox içməyi qadağan etmişdi.
Mikoyan isə o günləri belə xatırlayırdı: “O, bizi çox içməyə məcbur edirdi ki, dilimiz açılsın”.
Beriya çox içməklə yoldaş Stalinin gözünə girməyi bacarmışdı.
Molotov bu barədə də Stalinin sevimlisi idi.
Erməni Mikoyan isə Stalinin gözündən düşmüşdü.
Çünki o otağa gedir, əl-üzünü yuyub mürgüləyir, sonra ayılıb qonaqlığa qayıdırdı.
Beriya bunu Stalinə xəbər verdikdən sonra Stalin əsəbləşib Mikoyana dedi: “Özünü hamıdan ağıllı sayırsan?”
Bu məclislərdə Politbüro üzvləri özlərini lap yeniyetmə kimi aparırdılar.
Beriya tez-tez Mikoyanın stulunun altına tort qoyurdu.
Bir dəfə marşal Kuliki itələyib hovuza yıxmışdılar.
Stalin bu oyunlardan həzz alırdı.
Amma bütün bu əyləncələrə baxmayaraq, hamı bu üzücü içki məclislərindən bezmişdi.
Müdafiə naziri Bulqanin səhərüzü evə qayıdanda öz-özünə pıçıldayırdı: “Bilmirəm, burdan evə gedəcəm, ya həbsxanaya?”
Stalin Mikoyanı Mao Tsedunla görüşə göndərəndə o, bu təklifi elə göydəcə qəbul etdi.
Əsas arzusu isə bu məclislərdən xilas olmaq idi.
Lakin Çinə çatanda Maonun da belə məclisləri çox sevdiyini müşahidə elədi.
Atatürk də belə məclisləri çox sevirdi.
Yuxudan çox gec qalxan Atatürkün məclisləri də səhərə qədər davam edirdi.
Stalindən fərqli olaraq, onun məclisində qadınlar da çox olurdu.
Atatürk yeni mahnılar və yeni şeirlərlə öz gecə məclislərində tanış olurdu.
(Əlbəttə, Atatürk nə Stalin idi, nə də Mao... Lakin, görünür o da özünü tənha hesab edirmiş).
Stalinin isə qurbanları təkcə Poliutbüro üzvləri deyildi.
O, xarici qonaqları da bu üzücü məclislərə dəvət etməyi sevirdi.
Stalin Şarl de Qolla da əməllicə əzab vermişdi.
Misal üçün, Şarl de Qolla danışıqları içki masasında aparan Stalin düz sabaha qədər məşhur qonağı içirtmiş və onun qarşısına Fransa üçün qəbuledilməz müqavilə qoymuşdu.
De Qoll sabaha qədər içki məclisində Stalinin öz məmurlarını dolamağına şahid olmuşdu.
Səhərə yaxın, Stalin Şarl de Qollun təklif elədiyi müqaviləni imzalamağa razı olsa da, son anda fikrini dəyişərək ilk variantı təklif etmişdi.
General Şarl de Qoll “Siz Fransanı təhqir edirsiniz” deyib qəzəblənəndə Stalin gülümsəyərək, onu qane edən müqaviləni imzalamışdı.
Stalin özü gənc diplomat, tərcüməçi Troyanovskiyə belə etiraf etmişdi: “Mən təkliyə həbsxanada olandan öyrəşmişəm”.
Bütün bu kef məclisləri, sabaha qədər heç kimi evinə getməyə qoymamağı və küll halda Stalinin həyatı nəhəng bir tənhalığı unutmaqdan başqa bir şey deyildi.
Məqalədəki faktlar Montefiorenin “Stalin: Qırmızı çarın sarayı” kitabından götürülüb.