21 Avqust 2018 14:31
3 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən, pəncərələrin müqəddəsliyinə inanıram. Düz sözümdü. Heyif deyil pəncərə? Lap çox darıxanda pəncərədən çölə baxıram. Şəhərin çölünə, göyün çölünə, lap elə xatirələrin çölünə.

Adamlar da, çaylar da, ağaclar da, quşlar da pəncərə şüşələrinin arxasından daha mehriban, daha sayğılı, daha sevgili görünürlər. Nə bilim. Qəribə mistikası var pəncərənin.

Yağışların ən gözəl yaraşdığı şəhərin sabahını dinləməkdəyəm. Burda yağışlar elə yağır, sidqi-ürəklə dinləsən, səsinə də islanarsan. Düz sözümdü. Kiyevdən danışıram. Yeri gəlmişkən, mən, yağışların da müqəddəsliyinə inanıram.

Sevgili pəncərəmdə dayanıb xatirələrimin çölünü seyr etməkdəyəm. Göz işlədikcə uzanan meşələr, qoxusunu az qala eşitdiyim yağışlanmış torpaqlar, bir də meşələrin o biri üzündə göyərən Dnepr. Yeri gəlmişkən, mən, Dneprə də inanıram...

Ol gözəlim - vətənim uşaqlığı hərdaim yağışsonrası torpaq qoxusu, bir də şəkərburalı melodiləriylə xatırlamışam. Kim nə deyir desin, yaddaşında ətri, melodiyası olmayan xatirə daşımaq rahibəylə qırmızı şərab içmək kimi bir şeydir.

Uşaqlıq ona görə vətəndir ki, orada arzularına inanırsan. Elə bilirsən arzular səni aldatmaz. Arzular da nə qədər istəsən. Elə indicə xatirələrimin pianino dillərində bir melodi - Cücələrim - “arzum budur boy atasız, ananıza tez çatasız...” O qədər sevgidolu yaşayırsan, Allahın toyuğu üçün də arzu tutursan, ey vah! Daha sonra böyüyürsən. Böyüyürsən ki, canına azzar olsun! Böyüyürsən, həmin arzunu kəsib yeyirsən. Elə deyəsən, arzular da böyüdüb-böyüdüb kəsmək üçündür. Həm də deyəsən bir az yeməli olurlar.

Söz sözü çəkib apardı, mövzu mövzunu aldı. Deyirəm, arzulardan yazmaq üçün istər-istəməz uşaqlığa qayıdır adam. Uşaqlıq insanın təmiz dövrü olduğu üçün arzular da ömrümüzün həmin çağlarıyla səsləşir.

Uşaqlar arzu tutanda gözlərini yumurlar. Mən də uşaqlıqda beləydim. Düzü, elə indi də eləyəm. Ümumiyyətlə, elə arzular var ki, gərək onları gözlərini yumub tutasan. Daha doğrusu, gərək gözlərini yumub elə arzular tutasan ki, bir müddət sonra xatirəyə çevriləndə dik baxmağı bacarasan. Ümumiyyətlə, gərək insan elə arzularla yaşasın, sonra xatirələrinin gözünün içinə dik baxmağı bacarsın.

Yağışların ən gözəl yaraşdığı şəhərin sabahını dinləməkdəyəm. Burda yağışlar elə yağır, sidqi-ürəklə dinləsən, səsinə də islanarsan. Düz sözümdü. Kiyevdən danışıram. Sevgili pəncərəmdə dayanıb xatirələrimin çölünü seyr etməkdəyəm. Göz işlədikcə uzanan meşələr, qoxusunu az qala eşitdiyim yağışlanmış torpaqlar, bir də meşələrin o biri üzündə göyərən Dnepr. Xatirələrimin gözünün içinə dik baxaraq deyirəm: Bu şəhər mənim arzularımın şəhəridi...

Mənim, yəni şəxsən mənim.

Ona görə “şəxsən mənim” deyirəm. Ki, ömrün gediş-güdüşündə qəfil ayılıb görürsən, ey dadi bi dad, bu nə? Yahu, mən ki büsbütün başqalarının arzularını yaşamaqdayam. Ağıl kəsəndən uşaq baxçasına aparıblar, daha sonra məktəbə qoyublar. Sonra istəyiblər universitet oxuyasan, hazırlaşıb ali məktəbə girmisən. İxtisas seçiblər. Hətta adamların istədiyi kimi geyinmisən, saçını da cəmiyyətin tələbinə uyğun kəsdirmisən. Evləndiriblər, evlənmisən. Ailə-uşaq, kül-külfət, xeyir-şərdə keçən ömür. Hələ qohum-əqrəba, din, iman, namus, qeyrət, abır-həya. Və sairə, və iləxra. Necə deyərlər, başqalarının arzularının diktəsiylə özünə ömür düzəltmisən, gəzişirsən tale küçələrində - bir siqaret o yana, bir siqaret bu yana...

Bir də ayılıb görürsən, ey dadi şəngülüm, ömrün dopdoludu məzmunsuz adamlarla. Oysa beş-üç günlük ömrün öhdəsindən lap elə təkbaşına da gəlmək olardı. Nədən ki, özünlə bolluca vaxt keçirərdin. Vallah, qınamayın, adam hərdən özü özünə də çox gəlir...

Dönüb dayanırsan, dönüb baxırsan. Deyirsən, bunca məzmunsuz adamları həyatıma doldurduğum üçün ömrümdən dönə-dönə üzr istəyirəm. Başqa heç nə...

Yağışların ən gözəl yaraşdığı şəhərin sabahını dinləməkdəyəm. Burda yağışlar elə yağır, sidqi-ürəklə dinləsən, səsinə də islanarsan. Düz sözümdü. Kiyevdən danışıram. Sevgili pəncərəmdə dayanıb xatirələrimin çölünü seyr etməkdəyəm. Göz işlədikcə uzanan meşələr, qoxusunu az qala eşitdiyim yağışlanmış torpaqlar, bir də meşələrin o biri üzündə göyərən Dnepr. Xatirələrimin gözünün içinə dik baxaraq deyirəm: Bu şəhər mənim arzularımın şəhəridi...

Səd-əfsus, mənim arzularımın şəhərində vətənim uşaqlığımın doğmaları yox. Nədən ki, başqalarının arzularını yaşayan adamlar həmişə birgəlikdə olurlar, öz arzularını yaşayan adamlarsa, tək. Deyirəm, başqalarının arzularını yaşayanlar həmişə çox olur. Məni qınamayın, vallah, adam hərdən özü özünə də çox gəlir.

Nə isə, qayıdaq pəncərəmizə. Yağış yağacaq - küçədə bir topa uşaq - kəsəcək, bir yuva çıxıb qaçacaq ağacların içindən. Küləklərin sınan yerin şimşəklər nişan verər yağışların islandığı buludların köçündə. Səni də sevmiş idim ki, küsməyə yerim olsun. Barışmaqçün dən səpərdim ölü göyərçinlərə. Səsimə yerikləyənim, darıxıb qurtardım səni, göynəyəsi yer qalmadı taa burnumun ucunda...

Bayaq onu deyəcəkdim, unutdum. Deyirdim, uşaqlar arzu tutanda gözlərini yumurlar. Mən də uşaqlıqda beləydim. Düzü, elə indi də eləyəm. Ümumiyyətlə, elə arzular var ki, gərək onları gözlərini yumub tutasan. Gözlərini yumub arzu tutanda adama elə gəlir ki, ən qısa vaxtda həyata keçəcək həmin arzu. Düz sözümdü. Nə bilim, qəribə inamdı. Amma həqiqətən belədir.

Bir qonşumuz var, həmyaşıdıq, uşaqlıq dostumdu. Bir məşum qəzada gözlərinin hər ikisi görmə qabiliyyətini tamamilə itirib, kor olub. Uşaqlıqda arzu-arzu oynayardıq küçədə. Qarşı tərəf ovcunda qəpik gizlədərdi, sən də gözlərini yumub arzu tutardın. Əgər qəpiyin hansı ovucda olduğunu tapsan, guya arzun həyata keçərdi. Daha sonra ürəyində kim nə arzu tutmuşdusa, bölüşərdik bir-birimizlə. Həmin bu kor dostumuz da bizimlə oynayardı. Özü də hər dəfə tapmaq növbəsi buna çatanda gözlərini yumardı. Amma qətiyyən nə arzu tutduğunu bölüşməzdi bizimlə. Biz də bilməzdik səbəbini. Uşaq idik deyirəm.

Bir neçə ay öncə rayona getmiş idim. Küçədə rastlaşdıq, bir xeyli danışıb-gülüşdük uşaqlıq hoqqalarımızdan. Söhbət gəldi çıxdı həmin bu arzu-arzu oyununa. Dedi, Şako, (məni uşaqlıq dostlarım belə çağırır) bilirsən nə arzu tuturdum o vaxtı? Dedim, yox, bilmirəm. Ağzını əyib - əə, gopa basma, bilirsən, taa uşaq deyilsən ki... - dedi. Susdum . Bir qədər sükutdan sonra - Şako, mən hələ də həmin arzunu tuturam - deyə dilləndi. Daha sonra əlavə etdi: Amma gözlərimi yummuram o arzunu tutanda... taa uşaq deyiləm ki...

Şəhriyar del GERANİ


Müəllif: Teleqraf.com