Azərbaycan Respublikasının parlamentində əyləşən Tahir Kərimlinin şəxsiyyətini, dediyi fikirləri bir kənara qoyub yutubda himnimizi bir daha dinlədim.
Kədərləndimmi? Əsla!
Məğlubiyyət hissimi yaşadım? Əsla!
“Şanlı vətən” sözlərini dinləyərkən əzabmı çəkdim? Əsla!
Əminəm ki, mənim yaşda, məndən kiçik olan vətəndaşlarımızda əsla belə duyğu oyanmır.
Elə isə niyə ara-sıra himnlə bağlı məsələlər gündəmə gəlir?
Bəllidir ki, məsələ himnlə bağlı deyil. Bir müddət öncə Azərbaycan gerbinin dəyişdirilməsi ilə bağlı da Tahir Kərimlinin həmkarlarından biri məsələ qaldırmışdı. Səbəb kimi də göstərmişdi ki, təsvir bəsitdir, üstəlik azərbaycanlı rəssam çəkməyib.
Əminəm ki, himn və gerb məsələsindən sonra Tahirlinin başqa bir həmkarı da bayrağın dəyişdirilməsi məsələsini gündəmə gətirəcək.
Axı bayrağımızda da rəng çoxdur, bir rəng olsa daha yaxşı olmazmı? Şagirdlər əziyyət çəkir, rəngləri və mənasını yadda saxlaya bilmirlər...
Əvvəlki illərdəki təklifləri unutmaq olar, amma Cümhuriyyətin yüzüncü ilində belə təkliflərin gündəmə gəlməsi, dilə gətirilməsi qəbahətdir, yanlışdır.
Parlamentdə təklif ediləsi məsələmi yoxdur? Mütləq ki, tariximizlə, irsimizlə bağlı məsələ müzakirə edilməlidirsə, tağıyevşünas alim Fərhad Cabbarlının feysbukdakı fəryadına səs verilsin. Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı bağ evi baxımsızlıqdan dağılmaq üzrədir. Bakını Bakı edən böyük şəxsiyyətin Bakıdakı yadigarına sahib çıxa bilmirik.
Tahir Kərimli mütləq tarixi dəyərlərimizdən danışmaq istəyirsə, Bakı Dövlət Universitetinin girişində qoyulan 25 illik “qara daş”ı gündəmə gətirsin. Rəsulzadənin açılışını etdiyi parlamentin yüz illiyi günü parlamentdəki kresloda axı o əyləşəcək...
(Bu da tarixin başqa bir istehzasıdır)
Millət vəkili dediyimiz şəxs parlamentdə millətin hüquqlarını müdafiə etməli, problemlərini dövlət qarşısında gündəmə gətirməlidir. Millətin yüksək faizinin böyük sevgi, məhəbbətlə oxuduğu, dinlədiyi himni problemə çevirməməlidir. Parlament kürsüsü şəxsi arzu və istəklərin gündəmə gətirildiyi yer olmamalıdır. Əgər kimsə himnimizdən qıcıq duyursa, Mikayıl Müşfiqləri öldürən sistemin himnini əzəmətli hesab edirsə, bunu öz evində yaşada bilər, dinləyə bilər.
Çünki insanların öz cəlladını sevməsi məsələsi ilk dəfə deyil...
Amma millətin himnini millətin vəkilindən qorumaq məsələsi ilk dəfədir...