22 Yanvar 2020 15:00
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi 21 günlük seçki kampaniyasıdır. Yəni deputatlığa namizədin şansı var ki, seçiciləri ilə birbaşa ünsiyyətə girsin, seçki platformasını açıqlasın, insanları inandıra bilsin ki, 5 il müddətində Milli Məclisdə onların həqiqətən Səsi olacaq. Amma belə görünür ki, böyük əksəriyyət özünə əziyyət verib xalqın ayağına getməyə yox, sosial şəbəkənin imkanlarından yararlanmağa üstünlük verir.

Təbii ki, insanların az qala 70 faizinin vaxt keçirdiyi sosial şəbəkələrdə aktiv olmaq lazımdır. Hətta vacibdir. Amma reallıq hissini unudub, tamamilə virtuallaşmaq olmaz.

Hamını demirəm, 1.6 minə yaxın namizədin arasından seçiləcək deputatlığa ən şanslı namizədlər, heç olmasa, siz medianı görməzlikdən gəlməyin, gözardı etməyin. Ölkənin aparıcı media orqanlarına baxıram, təxminən 7-8 namizəd var ki, KİV-lə əməkdaşlıq edir. Reklam şərtlərilə. Təsəvvür edin, 5 ildən bir, təkrar edirəm, 5 ildən bir imkan yaranır ki, xalqa yaxınlaşasız, media ilə dostlaşasız, onu belə etmirsiz. Xalqa münasibətiniz necədirsə, mediaya münasibətiniz də eləcədir. Halbuki hər dəfə - 5 il ərzində, yəni illərlə biz sizə diqqət göstəririk, tribuna veririk, göndərdiyiniz yazılardakı hərf, üslub, fikir səhvlərini düzəldib yayırıq. Müsahibələr, açıqlamalar alırıq, sonra onları redaktə edib, müsahibə, açıqlama şəklinə salırıq. Çoxunuzun şifahi nitqi Xanhüseyn Kazımlının məlum nitqindən o qədər də fərqlənmir. Diktafonda qulaq asanda adam şoka düşür…

Və sonra sizə elə gəlir ki, əjdaha siyasətçisiniz, müsahibə, açıqlama verməsəniz, Azərbaycan ictimai fikri batar.

Bu münasibəti dəyişin. Əks halda bizim sizə münasibətimiz dəyişəcək. Köməkçilərinizin göndərdiyi, kiminsə qələmə aldığı, ya da Quqldan “kopy-paste” etdiyi “açıqlamalarınızı” saytlarımızda vermək üçün ən azı 2 dəfə zəng edib, 3 dəfə mesaj yazanda deyəcəyik ki, biz medianı media sayanlara açığıq, cənablar, gedin Mark Zukerberqin pulunu ödəyin, açıqlamalarınızı Feysbukda yaysın...

P.S. Təbii ki, bu fikirlər medianın dostlarına və “olmazsa-olmazlarımız”a aid deyil...


Müəllif: Aynur Camalqızı