28 Aprel 2021 22:28
7 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin noyabr ayında Türkiyədə “Askeri Tarih Belgeleri” adlı jurnalın “Qafqaz İslam Ordusu. Azərbaycan hərəkatı” adlı xüsusi buraxılışı dərc olundu. 500-dən çox səhifəsi olan topluda Qafqaz İslam Ordusu ilə bağlı hərbi raportlar dərc edilib. Nuri paşanın göndərdiyi bu raportların nəşri o dövrdə Zəngəzurda, Qarabağda, Bakıdakı vəziyyəti anlamağımız üçün önəmli qaynaqdır.

1918-ci il mayın 19-da Qafqaza daxil olan Nuri paşa Zəngəzurdan göndərdiyi şifrəli məktubunda bölgə ilə bağlı ilk raportunu hazırlayıb. O, Qafqazdakı vəziyyəti bu şəkildə izah edib: “Dünən Qafqaza daxil oldum. Yaxşı qarşılandıq. Qarabağdakı yarım milyon əhalinin 45 faizi ermənidir. Ermənilər kamilən silahlanmışlar, əsgəri təşkilatları, elmi vəsaitləri vardır. Mühüm yolları təhkim, bəzi kəndlər arasında telefon əlaqəsi təsis ediblər. Müsəlmanların ancaq iki faizi silanlanmışdır. Öz aralarında qətllər olur. Ermənilər vəziyyətə hakimdirlər. Ermənilər 15-ə qədər müsəlman kəndini dağıdıblar. İngilis ordusunun imdadlarına yetişəcəklərinə qanedirlər”.

Məktubdan da aydın olduğu kimi, Anadoludan gələn çetelər, eləcə də Qarabağa köçürülmüş ermənilər 1918-ci ildə artıq Bakıdakı kimi silahlı hərbi dəstələr qurub, bir çox müsəlman kəndlərini dağıdıb, ingilislərin dəstəyini gözləyiblər. Məktubun davamında Nuri paşa silahlı birliklərin formalaşması üçün çoxlu pula ehtiyacı olduğunu və qərargahını Nuxa şəhərində quracağını bildirib. Təəssüf ki, azərbaycanlıların Qarabağda cüzi qisminin silahlı olduğunu və öz aralarında da qarşıdurmalar yaşandığını qeyd edib. Azərbaycan türklərinin Çar Rusiyası dövründə hərbi xidmətə aparılmamalarının ziyanlı tərəfi burada da özünü aşkar göstərib.

Mayın axırında göndərdiyi digər bir raportunda Nuri paşa Qafqazın daxilində hər yerdə müsəlmanlardan böyük hüsni-qəbul gördüyünü qeyd edib. Müsəlmanların Cənubi-Qərbi Qafqaz hökumətinə əhəmiyyət vermədiyini yazan Nuri paşa erməni fitnəsi ilə bağlı tədbir görülməsini lazım bilib: “Müsəlmanlar arasında ittifaqı təmin edərək, anarxiyanı aradan qaldıraraq erməniləri təhdid edə biləcək bir qüvvətin təşkilini lazım görürəm. Bu məqsədlə keçdiyim beş qəzada bir zabit qoyaraq əsgəri təşkilatları qurmağa başladım”.

Bu raportda Nuri paşanın ordusunun az olmasının yerli əhalini məyus etdiyi qeyd olunub.

Görünür, Nuri paşa əvvəlcə az bir ordu ilə yola düşüb, ardınca qoşunun davamı gəlib. Paşa da əhaliyə bu şəkildə söyləyib.
İyun ayının 12-də Nuri paşa Gəncədəki erməni taboruna gün batımından iki saat öncəyə qədər silahı yerə qoymalarını bildirib, belə olan təqdirdə onların əhalidən hesab olunacaqlarını, sərbəst qalacaqlarını qeyd edib. Çünki Nuri paşanın Qafqazda olarkən ən çox ehtiyat etdiyi məsələ Gəncə və Qarabağdakı silahlı ermənilərin Bakıdakı bolşevik hökumətinə dəstək verməsi idi. Ona görə də Gəncədən göndərdiyi raportda açıq şəkildə yazıb: “Gəncə və Qarabağ tərəflərində yaşayan ermənilər bolşevik hərəkatında iştirak edərlərsə, vəziyyətimizin çox vahiməli olacağı və yüz minlərlə müsəlmanın qanının töküləcəyi mütləqdir”.

Bakının azad olunmasından sonra da erməni məsələsi Nuri paşanın diqqətində olub. 1918-ci il oktyabrın 8-də Tiflisdəki Osmanlı mürəxxəsi Əbdülkərim paşaya göndərdiyi raportda yazıb: “Qarabağda birliyimiz Xankəndi istiqamətində yürüməkdədir. Şuşa və Gəncə civarındakı erməni kəndləri silahlarını təslim etməkdədirlər”.

Oktyabrın 9-da Nuri paşanın göndərdiyi digər bir raportda Şuşanın azad edilməsindən bəhs edilib: “8/10/1918 saat 9.30-da Şuşa qəsəbəsi müharibəsiz azad edilmişdir. Əhali əsgəri bayraqlarla qarşılamışdır. Gorusun 35 kilometr şimalındakı Mişkəndə irəliləmək istəyən bir qism erməni qüvvəti milislərimiz tərəfindən qovulmuşdur”.

Topluda maraqlı sənədlərdən biri Azərbaycanın Baş naziri Fətəli xan Xoyskinin 19 sentyabrda Nuri paşaya göndərdiyi teleqramdır. Fətəli xan Türk ordusunu bu şəkildə mədh edib:

“Komandanlığınız altında olan cəsur Türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati həmiyyətpərvəranələrinizə və dünyanın ən cəsur və ən nəcib əsgəri olan Türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim”.

Topluda həmçinin Fətəli xanın imzaladığı Azərbaycan Cümhuriyyətinin müvəqqəti hərbi qanununun geniş mətni dərc olunub.


Müəllif: Dilqəm Əhməd