25 Yanvar 2023 18:22
13 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 il öncə - 25 iyul 2011-ci ildə Ermənistan prezidenti Serj Sarkisyana bir erməni tələbə bu şəkildə sual ünvanladı: “Qərb torpaqlarımızı Ağrı dağı ilə birgə geri ala biləcəyik?”.

Sarkisyanın cavabı isə belə oldu: “Vətənimizin bir parçası olan Artsaxı mənim nəslim qurtardı. Ağrını almaq da sizin nəslin vəzifəsi olmalıdır”.

Qərb torpaqları deyiləndə Türkiyənin ərazisi nəzərdə tutulurdu. Ermənilər yüz ildir ki, Azərbaycan əraziləri ilə yanaşı Türkiyənin şərqinə də iddialıdırlar. Həmin vaxtlar Türkiyənin Xarici İşlər Nazirliyi bu sərsəm iddiaya qarşı bu açıqlamanı yaydı: “Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir”.

Bu hadisəni yada salmağımın səbəbi 1919-cu ildə Cənubi Qafqaza gələn və buradakı olaylarla bağlı öz ölkəsinə raportlar göndərən amerikalı admiralın yazılarındakı bir məlumatdır.

Admiral Bristol bölgəyə gəldiyi zaman Qafqaz respublikaları arasında xaos hökm sürürdü. Ona görə də admiral Qafqaz respublikalarındakı hökumətlərin xalqın dəstəyi ilə qurulmadığını, bir qrup şəxsin özləri özlərini səlahiyyətdar elan etməsini yazırdı. Təbii ki, 1917-1918-ci illərin anarxiya dövründə xalqların proseslərdə aktiv iştirakından bəhs etmək mümkün deyildi. Ona görə də Rusiya ictimai-siyasi mühitində tanınan liderlərin dövlət və hökumət qurma vəzifəsini öz üzərlərinə götürmələri qanunauyğun hal idi. Çünki bu şəxslərin 15-20 illik fəaliyyətləri vardı.

Bristolun raportunda diqqətimizi çəkən ən maraqlı məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. 1919-cu ilin iyun ayında göndərdiyi raportunda Azərbaycanla Ermənistan arasındakı problemin kökünü yazıb, maraqlı təsbitlər irəli sürüb: “Azərbaycan ilə Ermənistan arasındakı problemin təməli sərhəd anlaşılmazlığıdır. Azərbaycanda bir erməni icması vardır və bu icma Ermənistana simpatiya bəsləmir. Azərbaycandakı erməni kəndlilərinin azərbaycanlılar ilə birlikdə və barış içində yaşamaqla bağlı böyük istəkləri olduğunu hər kəs bilir. Sərhəddəki bir neçə zəngin siyasi lider ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaratmaq üçün əllərindən gələn hər şeyi etməkdədirlər. İngilislər bu kəndlilərin azərbaycanlılarla barış mühitində yaşamaq istədiklərini söylədikləri üçün öz toplumları tərəfindən bədənə xəsarət təhdidi ilə üzləşdikləri ilə bağlı raport yazıblar”.

Gördüyünüz kimi barış tərəfdarı olan, Azərbaycanda yaşamaq istəyən erməniləri özləri təhdid edib, öldürəcəklərini bildiriblər. Erməninin ermənini öldürməsinə sonralar Sumqayıt hadisələrində rast gəldik. Bu raportda erməniləri qızışdıran zəngin siyasilərdən bəhs edilməsi də maraqlıdır. Eynilə Sarkisyanın gələcək erməni nəslini Türkiyə torpaqlarını ələ keçirmək ruhunda böyütməsi kimi...

Bristolun raportundan ermənilərin hər zaman olduğu kimi güclü vaxtlarında qətliam törətmələri, amma cavab zərbəsi aldıqları zaman isə Qərb dövlətlərinə sığındıqlarını və əleyhimizə iftira atdıqlarını görürük. Məsələn, 1919-cu ilin payızında ingilislər bölgəni tərk etdikdən sonra italiyalılar bölgəyə gəlirlər. Lakin italiyalılar ermənilərə yetərli dəstək vermirlər. Ölkəmizin öz sərhədlərini bərpa etmək hərəkatına qarşı olaraq ermənilər Amerika təmsilçilərinə azərbaycanlıların Zəngəzura hücum etdiyini, erməni kəndlərində qətliam edəcəklərini bildirirlər. Buna görə də Bristol 18 noyabrda İstanbul səfirimiz Miryusif Vəzirovu çağıraraq Amerikanın mövcud vəziyyətdən narahat olduğunu bildirir, qapalı şəkildə təhdid edərək Azərbaycanın hücum politikasından vaz keçməsini tələb edir. Səfir isə bu təhdidin motivinə uyğun olacaq ki, öz binasına getmədən Amerika səfirliyindən hökumətə teleqram göndərir.

Mənzərə tanışdır. Necə ki, işğal müddətində Azərbaycanın və Türkiyənin başqa bölgələrinə də iddia edən ermənilər Vətən müharibəsində yenildikdən sonra Fransa başda olmaqla Qərb dövlətlərinin ayağına düşdülər...
Əminik ki, hazırda Xankəndidə yaşayan ermənilərin də çoxu rahat şəkildə Azərbaycan vətəndaşı olaraq yaşamaq istəyirlər. Amma yüz il əvvəl olduğu kimi indi də zəngin siyasilər və özləri tərəfindən təhdid edilməkdədirlər.


Müəllif: Dilqəm Əhməd