31 May 2014 18:14
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik dönəmində keçirilən futbol üzrə Azərbaycan çempionatlarında müxtəlif klublar öz güclərini sınayıblar. Onların arasında hazırda tarixin yaddaşına köçənlər də var, fəaliyyətini aşağı dəstədə davam etdirənlər də.

Çempionatın tərkibində zaman-zaman dəyişikliklər olur. Bizdəki belə dəyişikliklər digər ölkələrə baxanda daha sürətli və daha intensiv gedir.

Təbii ki, bu hal heç də yaxşı göstərici deyil. Adət etdiyimiz kimi sonuncu yerləri tutan komandaların elitanı tərk etməsi və onların yerinə aşağı dəstədən yeni klubların gəlməsi ilə baş verən yenilənmə çoxdandı bizim çempionatda müşahidə olunmur.

Bizdə yenilənmənin tam fərqli, yalnız bizə məxsus forması var. Bəzi klublar ad dəyişdirərək başqa adla yenidən çempionata qoşulublar, bəziləri də sahibkarının ikinci komandası yarandıqdan sonra məhz ona qurban veriliblər.

Gəlmiş-getmiş klubların hamısının özünəxas xüsusiyyətləri olub. Onsuz da peşəkar idarəçilik termini bizə yaddır, ancaq bəzi klublar ən azından buna cəhd edirlər.

Bir klub da var ki, yaranış qayəsi, var olma səbəbi hələ özlərinə də bəlli deyil. Çox qeyri-peşəkar idarə olunur.

Çox da intizarda qoymayacam sizi, “Rəvan”dan bəhs eləmək istəyirəm.
Bizlərdə bir deyim var, bir işə başlayan adama deyərlər, işin rəvan getsin. Yəni yolun düz olsun, maneəsiz, rahatlılqla çatasan hədəfinə. Ancaq bu “Rəvan”ın yolu niyəsə heç cür rəvan olmadı ki, olmadı.
- O “Rəvan” ki, klubun idarəçilik metodları arasında peşəkarlığın “p”-si belə yoxdur. Klubun hədəfi, məqsədi bəlli deyil.

- Xarici səfərlərə, təlim-məşq toplanışlarına filan qədər pul tökən, cürbəcür əcnəbi və yerli oyunçulara milyonlarla pul xərcləyən, ancaq sonucda xərclənən pula da, çəkilən əməyə də heyf eləyən komanda.
- O komanda ki, bir mövsüm ərzində 5 baş məşqçi dəyişdi, ancaq bununla belə elitada yerini qoruya bilmədi.

- O kollektiv ki, uzun müddət baş məşqçi dəyişikliyi adı ilə Vladislav Qədirov, Bəhmən Həsənov və Ramil Əliyev üçbucağından kənara çıxa bilmədi və bununla da bütün futbol ictimaiyyətinin gülüş obyektinə çevrildi.

- Şahin Diniyev kimi milli komanda təcrübəsi olan baş məşqçinin cəmisi bir neçə ay səbr edə bildiyi komanda.

- Türkiyədə adı “küme düşüren hoca” kimi çıxmış Güvənc Kurtara çox güvənən, güvənin “nəticəsini” isə mövsüm sonunda anlayan komanda.

- Yanlış hədəf seçərək Premyer Liqa oyunlarına səthi yanaşıb, diqqətini kuboka yönəldən, yarımfinalda isə “Neftçi”yə məğlub olduqdan sonra liqada bir daha özünə gələ bilməyən, necə deyərlər, “Əli aşından da, Vəli aşından da olan” komanda.

- AFFA rəhbərliyinin növbəti qeyri-ciddi bəyanatlarından biri olan, elitanı heç bir klub tərk etməyəcək çağırışına aldanan, daha sonra isə dəyişən qərarla birdən-birə “ofsayd”a düşən komanda.

- İndi isə gözünü yenidən futbol qurumunun rəhbərliyinə dikən, bir möcüzə gözləyən, yenidən yüksək dəstə xəyalları ilə yaşayan komanda.

Bu komandanı isə ancaq bir möcüzə, bir sehr xilas eləyə bilər. O möcüzə də AFFA-nın baş katibi Elxan Məmmədovun əlində, yox çaşdım, eləcə dilindədir. Bircə dəfə “Sehrli xalat” bədii filmindəki kimi o sehrli cümləni: “Ayravani, ayravani, çandrika” desə, “Rəvan” elə filmdəki kimi uça-uça qayıdacaq keçmiş zamanlarına, elitadakı xoşbəxt günlərinə.


Müəllif: Zaur Xudiyev