28 İyul 2016 16:35

Mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

Azərbaycana səfərə gələn Böyük Britaniya parlamentinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində iyulun 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti görüşdə Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişaf nəzərə alaraq, ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılmasından söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.

Görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, nümayəndə heyətinə Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkmən rəhbərlik edir.


Müəllif: