13 Aprel 2017 12:25
3 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "İstFilm" şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən filmin istehsalına başlayıb. Daha doğrusu, bu proses 2015- ci ildə başlasa da, Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişinə cəhdilə əlaqədar təxirə salınmışdı.

Amma bu ilin əvvəllərində filmlə bağlı yaradılan sosial şəbəkələrdə paylaşılan materiallar istehsal prosesinin başlandığına işarə idi. Bu barədə ilk xəbəri yayımlayan Teleqraf.com-a istehsalçı şirkətdən bildirilmişdi ki, açıqlamalar tizer yayımlanandan sonra veriləcək.

Ötən həftəsonları yayımlanan tizer işin ciddiliyinə inam yaratdı. Beləliklə, Teleqraf.com-un suallarına "İstFilm"in mətbuat katibi, 2008-ci ildən Türkiyədə və eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edən Babək Həsənzadə cavab verib.

- Babək bəy, öncə çalışdığınız “İstFilm” barədə məlumat verməyinizi istəyirəm.
- "İstFilm" Türkiyənin uzun illərdir çalışdığım ən peşəkar kaskadyor truppası olan "İstanbul Stunt Team"in prodüser mərkəzidir. Xarici ölkələrdən Türkiyəyə çəkiliş üçün gələnlərin əksəriyyəti bizimlə əlaqə saxlayırlar. Bizim heyət Hollivud, Bollivud, Türkiyə, Azərbaycan film və seriallarında iştirak edib.

- “İstFilm"in istehsalı olacaq Mübariz İbrahimov haqda filmin tizeri böyük ajiotaja səbəb oldu. Bilmək istərdim ki, filmin çəkilişləri başlayıbmı?
- Filmin sadəcə, tanıtım videosunun çəkilişlərini həyata keçirmişik. Bu da "İstFilm" tərəfindən İstanbulda çəkilib. Bəzi hazırlıqları başa çatdırandan sonra filmin çəkilişlərinə start veriləcək.

Hədəfimiz 2018-ci ildə filmi tam hazırlayıb kinoteatrlarda nümayişə çıxarmaqdır.

- Hamını filmin rejissoru, həmçinin yaradıcı heyəti, ən əsası Mübariz İbrahimovun prototipini kimin yaradacağı maraqlandırır. Bu barədə nə deyə bilərsiniz?

- Bu haqda məlumat verməyi hələ ki məqbul hesab etmirik. Onu deyə bilərəm ki, yaradıcı heyətin tərkibini müəyyənləşdirmək adına görüşlərimiz davam edir. Məxsusi film üçün xaricdən aksion səhnələrinin icrası ilə məşğul olan mütəxəssislər dəvət etməyi düşünürük. Filmə həm Türkiyədən, həm Azərbaycandan, həm də digər xarici ölkələrdən məşhur aktyorlar dəvət olunacaq. Film isə Azərbaycan və Türkiyənin ortaq əməkdaşlığı nəticəsində ərsəyə gələcək. Hazırda mən Türkiyədəyəm, amma tezliklə Bakıya gəlib, filmlə bağlı bəzi qurumlarla danışıqlar aparacam. Artıq ondan sonra bu suallarınıza cavab verə biləcəm.

- Sizinlə bir neçə dəfə həmsöhbət olduğuma görə bilirəm ki, aktyor kimi fəaliyyət göstərməyə çox həvəslisiniz. Belə bir əhəmiyyətli filmdə rol alacaqsınızmı?
- Bu filmlə əlaqəli mənim konkret bir işim olmayacaq. Yəni bir çox məsuliyyətlərim var. Amma bu barədə danışıqlar olub. Hələ ssenari üzərində işlər davam etdiyinə görə qəti bir söz deyə bilməyəcəm. Mənim üçün əsas olan bu layihəni layiqli şəkildə həyata keçirməkdir. Ona görə filmdə hər hansı bir obrazı canlandırmasam da olar.

Nərmin


Müəllif: