13 İyul 14:43

“Mənim həyatımda, ümumiyyətlə, hər şey ikiyə köklənib sanki: iki atam, iki anam, iki övladım, iki vətən (doğma və ögey), iki institut, iki sənət...”

Teleqraf.com tanınmış həkim, şairə, publisist, tərcüməçi, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Afaq Şıxlı ilə müsahibəni təqdim edir.

- Həkim, rəssam, tərcüməçi, bəstəkar, şairə… Bunlardan sizə ən yaxın peşə hansıdır?

- Bir müəllimimiz vardı, deyərdi ki, həkimin əlləri zərgər əlləri, ürəyi şair ürəyi olmalıdır. Həkimlik həmişə arzuladığım peşə olub. ...Uşaq idim. Sevimli, əziz nənəm sağalmaz xəstəliyə düçar olmuşdu və mən tez böyüyüb onu sağaldacağım ümidilə yaşayırdım. Nə yazıq ki, buna müyəssər olmadım, mən doqquzuncu sinifdə oxuyarkən nənəmi itirdik...

Rəssamlıq... Gəncliyimdən yadigardır... Portretlər çəkməyi sevirdim. Gördüyüm simalar olduğu kimi yadımda qalırdı, heç bir şəklə, naturaya baxmadan surəti kağıza köçürə bilirdim. İndi isə çox nadir hallarda çəkirəm...

Tərcüməçilik isə bağlandığım və deyilənə görə, öhdəsindən pis gəlmədiyim bir işdir. Həyatımı bunsuz təsəvvür edə bilmirəm. Beynimin idmanı, qidasıdır tərcüməçilik...

“Bəstəkaram” deyə bilmərəm heç zaman... Sadəcə, şeirlərimin bir çoxu öz musiqisi ilə doğulur. Mən də bu musiqini nota köçürür, pianomda səsləndirirəm...

Şairlik Allahın verdiyi nemətdir - nə arzu ilə deyil, nə çalışmaqla. Və bu nemətin dəyəri, qiyməti yoxdur. Qərib diyarda məni yaşadan, qoruyan şeirdir, sözdür.

- Tanınmış və görkəmli insanların ailəsindən olmaq, onların qanını daşımaq necə bir hissdir?

- Təbii ki, bu, böyük bir məsuliyyətdir. Ömür boyu o məsuliyyətin ağırlığını çiyinlərində hiss edirsən. Amma gözəl bir hiss olduğunu da gizlətməyəcəyəm. Fəxr etmişəm həmişə! Bizim nəslimiz Azərbaycana rus-yapon müharibəsinin qəhrəmanı, dahi artilleriyaçı generel-leytenant Əliağa Şıxlinski, XVIII əsrin görkəmli şairi, M.P.Vaqifdən sonra ən tanınmış qoşma ustası Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi - mayor Mustafa Ağa Arif Şıxlinski, XX əsrin əvvəllərinin məşhur ziyalılarından biri - Şərif bəy Şıxlinski, Azərbaycan ədəbiyyatının unudulmaz siması İsmayıl Şıxlı, Azərbaycan geologiyasının banilərindən biri, Azərbaycanın baş geoloqu olmuş görkəmli alim Arif Şıxlinski kimi tanınmış şəxsiyyətlər bəxş edib.

- Arif Şıxlinskinin qızısınız. Amma çoxu sizi İsmayıl Şıxlının qızı hesab edir. Əslində sizi necə bağlar bağlayır?

- Mən Azərbaycan Respublikasının əməkdar mühəndisi, Azərneftin baş geoloqu, onlarla elmi kitabın və monoqrafiyaların müəllifi - Arif Şərif bəy oğlu Şıxlinskinin beşinci övladıyam. Sonbeşiyəm... Lakin məni atamın övladı olmayan bacısı, yəni mənim bibim Afitab xanım Şıxlinskaya böyüdüb. O özü də, böyük ədibimiz İsmayıl Şıxlının tələbəsi olub.

Mənim həyatımda, ümumiyyətlə, hər şey ikiyə köklənib sanki: iki atam, iki anam, iki övladım, iki vətən (doğma və ögey), iki institut, iki sənət... O üzdən də bir çoxları mənim həyatımla bağlı məqamları səhv salırlar. İsmayıl Şıxlının qızı deyiləm, amma Elçin və Fərruz kimi istedadlı, dəyərli əmioğlularım var deyə qürur duyuram. İsmayıl bəy atamla doğma əmioğlu idi, qardaşdan da yaxın... Atamın ölümündən sonra cəmi 10 gün yaşadı əmim... Dəhşət idi... Hər an soruşurdu ki, Arif niyə gəlmir?.. Arif hardadır? Axır ki, atamın ölümünü ondan gizlətməyin mənasız olduğunu başa düşüb deyiblər ki, Arif daha yoxdur... İsmayıl əmim susub... Günün sonunda isə dünyasını dəyişib...

- İsmayıl Şıxlı barədə bilmədiyimiz nəyi bilirsizsə, bizə də deyin... Onunla bağlı ən yaddaqalan xatirələrinizdən danışın...

- İsmayıl Şıxlı haqda danışmaq özü də məsuliyyətdir. Əmimlə qırılmaz bağlarla bağlı olan, onu həyatının ən dəyərli insanı hesab edən atam, ondan danışmaqdan yorulmazdı. Öz xatirələrimdən başqa, atamın da xatirələri yaxşı yadımdadır. Bəlkə də bir gün, onları ayrıca bir kitab və ya yazı şəklində oxuculara təqdim edərəm.

...On dörd yaşım vardı, doqquzuncu sinifdə oxuyurdum. Bir gün atam “Hansı instituta gedəcəksən”, - deyə soruşduğunda qulaqlarına inanmadı. Çünki mən “Həkim olacağam” cavabını vermişdim. Bazar günlərindən birində atam üç ümumi dəftər dolusu şeirlərimi də götürüb məni İsmayıl Şıxlının evinə apardı. Aralarında olan uzun söhbətdən sonra, əmim məni öz iş otağına çağırdı. Bu otaq mənimçün nağıllar aləminə bənzəyən, əlçatmaz və əsrarəngiz bir dünyanın әn sehirli guşəsi idi. Tavana dirənən kitab rəflərindəki saysız-hesabsız kitabların özünəməxsus ətri məni bihuş edirdi.

O, iri möhtəşəm yazı stolunun arxasına keçib oturdu və yanındakı stulda mənə yer göstərdi. Həyəcanlıydım. Dərsdən, ordan-burdan sual verdikdən sonra, “Eşitdim, həkim olmaq istəyirsən”, - deyib, eynəyin üstündәn mənə baxaraq, gülümsədi.

“Bəli, - dedim. - Həkim olmaq çoxdankı arzumdur”.

Əmim stolunun üstündəki şeir dəftərlərimə işarə edərək: “Biz həmişə sənin ədəbiyyatçı olacağını düşünürdük. Amma... Həkimlik də mötəbər bir sənətdir, həkim hər kəsə lazımlı insandır. Həkim olmaq istəyirsənsə, ol! Ədəbiyyat isə hər zaman səninlə olacaq, ürəyində! Neçə yaşın olur olsun, ona olan sevgin əsl sevgidisə, səni yenidən özünə çəkib gətirəcək. Hər zaman həkim ola bilməzsən, amma ürəyin hər dəfə dindiyində yazacaqsan!” - dedi.

Aradan çox zaman keçmәsinә baxmayaraq, mən bu sözləri unuda bilmirəm. Sanki İsmayıl әmim, bәlkә heç özü dә fәrqindә olmadan, həmin gün həyat yolumu çizdi, məni әdәbiyyat deyilәn sirli dünyaya uğurladı. Beləcə, dahi bildiyim bir insandan xeyir-dua aldım. Və onun dediyi kimi də oldu... Həkim oldum, ədəbiyyat isə mənimlə yaşadı, hər zaman qəlbimin bir parçası olaraq qaldı.

- Özünüzün ən çox sevdiyiniz, sizə əziz olan kitabınız hansıdır?

- Müəllif üçün kitab da övladdır. Kitabın da ətri övlad ətri qədər əzizdir. Onun nəşrdən çıxdığı günün sevinci, övladın qucağında doğum evindən çıxdığın günün sevincinə bərabərdir. Amma onların da içində, gizli də olsa, digərlərindən bir az çox sevdiyin kitab təbii ki, olur. “Ömrümün beşinci fəsli”, “Sənə demədiklərim...” mənim ən əziz kitablarımdır.

- Şeir yazmaq üçün qəmli olmaq mütləqdirmi?

- Deyirlər ki, 36,6 hərarətlə şeir yazılmaz. Bu zarafat da olsa, belədir. Lakin şeir – elə böyük bir nemətdir ki, onun xətrinə hər şeyə dözməyə dəyər. Şairin həyatında baş verənlər şeirlərin yaranması üçün zəmindir. O üzdən şair taleyindən gileylənməməlidir. Buna yalnız sətirlərdə haqqı vardır.

- Dediniz, iki vətənim var... Sizin üçün Moskva nə qədər doğmadır?

- Mən elə indi də Moskvadayam. Yayı payızından fərqlənməyən Moskvada... Hər halda mənim mən olmağımda Moskva mühitinin rolunu dana bilmərəm. İkinci vətən deməyə hələ də dilim gəlmir, amma hətta “ögey ana” kəlməsinin də kökündə ana sözü var. Neyləmək olar. Tale...

- İndi gənc şairlər, sərbəst üslubda, başa düşülməyən dildə şeir yazanlar çoxdur. Onlara münasibətiniz? Bu şeirimizi inkişafa aparır, yoxsa ölümə?

- Bilirsinizmi, XXI əsr yaddaşlarda həm də esseyə şeir, sətri tərcüməyə bədii tərcümə deyilən bir əsr kimi qalacaq. Ağrıdıcıdır. Lakin qaçılmaz bir faktdır. Bu elə böyük amplitudalı dalğadır ki, oxucu zövqlərini, tənqidçi fikirlərini başqa məcraya döndərir. Şeir məcbur edir...

- Bu yaxınlarda Yaponiyada kitabınız dərc olunub. Bu barədə danışaq. Niyə məhz Yaponiya?

- Mariko Sumikura adlı yapon şairəsinin şeirlərini ingilis dilindən Azərbaycan dilinə çevirirdim... Şeirlərin məzmunu unikal və maraqlı idi, düzü, tərcümələr də uğurlu alınmışdı. Bakıda “Kaspi” qəzetində dərc olunduqdan sonra qəzetin surətini və linkini Marikoya göndərdim. Çox məmnun oldu. Bir müddətdən sonra məndən şeirlərimin ingiliscə olan versiyasını istədi. Tərcüməçim Sevil Gültən idi. Göndərdim... Yenə xeyli vaxt keçdi və mənə şeirlərimi yapon dilinə çevirdiyini, Tokioda poeziya gecələrində oxuduğunu və “Həmin azərbaycanlı şairənin kitabını Yaponiyada nəşr etmək istəyirik” kimi təklif aldığını yazdı. Çox sevindim. Kitabın adı “Sakura dueti”dir, mənim və yapon şairəsi Kyoko Nakazavanın şeirlərindən ibarətdir. Kitab iki dildə nəşr olunub. Topluya gəncliyimdə yazdığım “Sakura” adlı şeirim də daxil edilib... Uzun illər öncə bu şeirin yazılması və üstündən bu qədər zaman ötdükdən sonra Yaponiyada kitabımın nəşri qismətin işi deyilmi? Məncə belədir. Mən qismətə inanıram...

- Şeir yazmaq üçün sizə nə lazımdır? Bir ağ vərəq və bir qələm yetərlidirmi?

- Şeirin yaranması üçün mənə kiçik bir səbəb bəs edir: Qürubda tənha bir ağac, bükülməkdə olan günəbaxan çiçəyi, doğmaqda olan Günəşin gətirdiyi sevinc... Mənə elə gəlir ki, çox yazarların yazmaq anları, sözün gəliş məqamı oxşardır. Ürək oxşayan, yadda qalan, sevilən əsərlər heç zaman nə oturulub, nə düşünülüb, nə də məcburiyyətdən yazıla bilər. Sanki yazılacaq olan şeyi eşidirsən, beynində yoxdan doğulur... Bilmirəm, bunu sözlə necə izah edim. Yolda, yatdığın yerdə, iş görərkən – tam müxtəlif şəraitlərdə, iradəmdən və istəyimdən asılı olmadan sözlər özü gəlir... Amma bəzən də, yağışın yağmasından öncə hava necə dəyişirsə, eləcə əhvalım dəyişir. Sanki ürəyim dolur, özümə yer tapa bilmirəm, uşaq necə anasının üstünə gedib kövrəkcə qəlbini açırsa, bax eləcə, vərəqə açıram qəlbimi...

Dövrünün məşhur yazarlarından olan Aqata Kristi deyirdi ki, sağlam təfəkkür bəzən çox sıxıcı və quru olur. Hərdən bir reallıqdan uzaqlaşmaq lazımdır, dünyanın gözəllikləri yalnız o zaman gözə görünür. Bütün dövrlərdə müharibələr, terror və başqa bəlalar olub. Amma şeirlər, povestlər, romanlar yazılıb, yazılır və yazılacaq da! Hər bir dövrün öz ədəbiyyatı, öz ruhu, öz oxucusu var. Həm də... Vətənimizi qorumaq üçün qardaşlarımız, böyütdüyümüz oğullar var. Biz isə bacardığımız qədər və hətta daha artıq onların ruhunun, mənəviyyatının keşiyində durmalıyıq.

- Ən sevmədiyiniz şair hansıdır?

- Sevmədiyim şair özünü ədəbiyyatdan çox sevən, ədəbiyyatdan şöhrət xətrinə istifadə edən, şeiri zorla quraşdıran, hekayəyə şeir deyən, poeziyanı gözdən salan şairdir!

- Özünüzə, ev işlərinə vaxt ayıra bilirsinizmi?

- Mən ədəbiyyata yalnız istirahətimdən və yuxumdan vaxt ayırıram. Qalan zamanımı isə məişət qayğıları zəbt edir. Bir həkim kimi deyərdim ki, məişət qayğıları yazarlara əks göstərişdir. Amma nə etməli?.. Anayam, qadınam və vəzifəm, borcum ailəmin rifahıdır. Günümü gecələrlə uzadıram. Ədəbiyyata xəyanət etməmək üçün sağlamlığıma və rahatlığıma xəyanət etməyi üstün tuturam.

- Müəllimləriniz kim olub?

- Müəllim yalnız təhsil ocaqlarında elm öyrədən insan deyil. İnsanı həyata yetişdirən, püxtələşdirən, onu həyat imtahanlarına hazırlayan insanlar da müəllimdir. Belə müəllimlərim çoxdur və onlara görə bəxtimdən çox razıyam.

- Ürəyinizdə qalan arzunuz olubmu?

- O qədər... Hansı birini deyim?.. Ən yaxşısı heç birini...

- Ən kədərli və ən sevincli gününüz barədə danışın…

- İlk övladımın dünyaya ölü doğulduğu gün ən kədərli günüm olub...

Sevincli günlərimin isə hamısı “ən”dir!

- Sizi ifadə edəcək bir şeir...

- Başını dik tutub elə yaşa ki,

Hər kəs səndəkini dəfinə bilsin!

Nə dostlar üzülsün çətinliyinə,

Nə də ki, düşmənlər sevinə bilsin.

Ağrıyan belini əymədən yeri,

Nə qədər gəlsə də üstünə həyat,

Yorğunluq sıxsa da çiyinlərindən,

Ağrı-acıları misralara at.

Qamqalaq edərək arzularını,

Yolunda od çatsa xəbis adamlar,

Yansa da ayağın, şux tut özünü,

Elə bilsinlər ki, qanadların var.

Həsrətin əliylə qapa gözünü,

Məhəbbət zamansız qismət olanda.

Şaxtaya, borana şeirlər oxu,

Bir günəş nuruna həsrət olanda.

İsti yaşlarını görən olmasın,

Qəmli günlərində, dar günlərində.

Desinlər, necə də xoşbəxt yaşayır

Bəxtin qürbət adlı sürgünlərində.

Həmişə ulduz ol, həmişə parla,

Arxanca sürünsün qoy acıdillər!

Başını dik tut ki, şair ömrünün,

Dəhşət olduğunu düşünməsinlər!


Müəllif: Könül Əlibəyli